2001-ci il avqustun 14-də yaradılmış Ədalət və İnkişaf Partiyası indiyədək Türkiyədə 13 səsvermədən qalib çıxıb. Novator.az bildirir ki, partiya 3 noyabr 2002-ci ilin parlament seçkisində 34,3% səslə qalib gələrək təkbaşına hökumət qurub.
28 mart 2004-cü ilin bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyası 41,7% səslə birinci olub.
22 iyul 2007-ci ilin parlament seçkisində Ədalət və İnkişaf Partiyası 46,6%-lə hamını üstələyib.
21 oktyabr 2007-ci ilin konstitusiyaya dəyişikliklər referendumunda Ədalət və İnkişaf Partiyasının təklif etdiyi yeniliklər 68,9%-lə keçib.
29 mart 2009-cu ilin bələdiyyə seçkilərində partiya 38,4% səslə qalib gəlib.
12 sentyabr 2010-cu ilin konstitusiya dəyişiklikləri referendumunda Ədalət və İnkişaf Partiyasının təklifi 57,9% dəstəklə rəsmiləşib.
12 iyun 2011-ci ilin parlament seçkisində 49,8% səs yığan Ədalət və İnkişaf Partiyası hakim qüvvə statusunu saxlayıb.
30 mart 2014-cü ilin bələdiyyə seçkilərini partiya 42,9% səslə udub.
Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2014-cü il avqustun 10-da keçirilmiş ilk ümumxalq seçkisində 51,8% səslə prezident seçilib.
7 iyun 2015-ci ilin parlament seçkisində 40,9% səslə qalib gələn Ədalət və İnkişaf Partiyası bu dəfə parlamentdə mütləq çoxluq qazana bilməyib. Koalisiya danışıqları uğursuz olduğu üçün növbədənkənar seçkiyə gedilib.
1 noyabr 2015-ci ilin parlament seçkisində 49,5% səs götürən Ədalət və İnkişaf Partiyası yenə təkbaşına hökumət formalaşdırıb.
2017-ci il aprelin 16-da Ədalət və İnkişaf Partiyasının təşəbbüsü ilə prezident idarə üsuluna keçidi nəzərdə tutan konstitusiya referendumu olub. Seçicilərin 51,4%-i ana qanunda dəyişikliklər təklifinin lehinə səs verib.
2018-ci il iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin ilkin nəticələri də Ədalət və İnkişaf Partiyasını qalib göstərir. Prezident seçkisində partiyanın sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan 52,4% səslə kürsüsünü qoruyub.
Parlament seçkisinə Ədalət və İnkişaf Partiyası Milliyyətçi Hərəkat Partiyası ilə birlikdə Xalq ittifaqı adı altında qatılıb. Bu blok seçkidən 53,6% səslə qalib çıxıb.