Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində dövlət borcu məsələsinə toxunub. O deyib ki, uzunmüddətli dövrü əhatə edən dövlət təminatlı qiymətli kağızların buraxılması dövlət zəmanətli daxili borc məbləğinin həcminin artmasına şərait yaratsa da, 2017-ci ildə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda daxili dövlət borcunun tərkibində şərti öhdəliklər kimi müəyyən hissə təsdiq edilib: “Zəmanət müddətinin uzunmüddətli dövrü əhatə etməsi baxımından həmin vəsaitin tam məbləğdə dövlət borcuna daxil edilməsi dövlət borcu anlayışının mahiyyətinə uyğun deyil. Dövlət zəmanətli uzunmüddətli borc öhdəliklərinin borcun növündən asılı olaraq dövlət borcunun uçotunda şərti öhdəlik kimi nəzərə alınması məqsədəuyğundur.
İstər Beynəlxalq Valyuta Fondunun, istərsə də digər maliyyə institutlarının hazırladığı metodoloji sənədlərdə şərti öhdəlik anlayışına rast gəlmək olar. Şərti öhdəlik bir sıra səbəblərdən yarana bilər. Lakin beynəlxalq maliyyə institutlarında hazırlanan metodoloji sənədlər heç də bütün şərti öhdəliklərin uçota alınmasını zəruri hesab etmir. Beynəlxalq Valyuta Fondu iki mühüm sənədində – Dövlət Maliyyə Statistikası Təlimatında və Xarici Borcun Statistikası Qaydalarında şərti öhdəlikləri bir qayda olaraq iki qrupa bölür: birbaşa aydın olan və birbaşa aydın olmayan. Lakin uzun müddət statistik uçotla bağlı hazırlanan qaydaların böyük əksəriyyətində ümumiyyətlə şərti öhdəliklər qeydiyyatı aparılmırdı. Qeyd edilən şəraitdə əsas meyar kredit risklərinin qiymətləndirilməsidir. Şərti öhdəliklərin müəyyənləşdirilməsində dövri amil nəzərə alınaraq kredit risklərinın qiymətləndirilməsi əsas şərtdir. Maliyyə vəsaitlərinin növündən və xarakterindən asılı olaraq qeyri-standart birdəfəlik öhdəliklər şərti öhdəlik kimi tanınsa da, borcun uçotunda yer almır. Bu sıraya dövri amil nəzərə alınaraq kredit risklərinın qiymətləndirilməsi mümkün olmayan (əsasən birbaşa aydın olmayan) şərti öhdəliklər aid edilir”.
Palata sədri əlavə edib ki, borc dayanıqlılığının təmin edilməsi bütün ölkələr üzrə fiskal dayanıqlılığın təmin edilməsində əsas şərtdir: “Beynəlxalq Valyuta Fondunun və digər maliyyə institutlarının tövsiyələrinə əsasən, inkişaf etməkdə olan ölkələrin dövlət borcunun ümumi daxili məhsula nisbətlərinin müvafiq hədləri qeyd edilsə də, nəticə etibarilə hər bir ölkə üzrə fərdi yanaşılmaqla və digər makroiqtisadi göstəricilər, məsələn, təbii ehtiyatlar, idxal-ixrac əməliyyatları, vergi göstəriciləri, valyuta ehtiyatları, borclanma limitləri və digər göstəricilər nəzərə alınmaqla qiymətləndirilir. Təhlil göstərir ki, ümumilikdə bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir və dövlət başçısının da qeyd etdiyi kimi, dünya miqyasında biz xarici borcun səviyyəsinə görə müsbət mənada qabaqcıl ölkələrdənik. Qanunvericiliklə müəyyən edilmiş rəyin hazırlanması üçün Hesablama Palatasına dövlət büdcəsi ilə bağlı təqdim olunmuş məlumatlara əsasən, ölkə üzrə mövcud borc portfelində xarici valyutada olan borc öhdəliklərinin payı böyükdür. Bunun əsas səbəbi daxili maliyyə bazarının borclanma tələbini ödəmək potensialına malik olmaması və üzv olduğumuz maliyyə-kredit qurumlarından inkişaf məqsədilə kreditlərin cəlb edilməsidir. Lakin Azərbaycanın neft-qaz gəlirlərinin, eləcə də ehtiyat aktivlərinin əksəriyyətinin ABŞ dollarında olması valyutada öhdəlik-aktiv balansının saxlandığını və xarici valyuta riskinin aşağı olmasını deməyə əsas verir. Dövlət büdcəsi ilə bağlı hesabat və izahatlara əsasən dövlət borcunun orta ödəniş müddəti təqribən 5,9 il qəbul edilib və risk üzrə meyarlarla müqayisədə məqbuldur”.
Novator.az bildirir ki, 2018-ci il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 9 milyard 600 milyon ABŞ dolları, borcun ümumi daxili məhsula nisbəti 22 faiz olub.