Saatlı və İmişli rayonlarında pambıqçıların zəhərlənməsinə görə 5 nəfər həbs olunub.
Novator.az bildirir ki, bununla bağlı iyunun 22-də Baş Prokurorluğun, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.
Həbs olunan şəxslər bunlardır: “MKT İK” Məhdud Məsuliyyətli Cəmiyyətin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov.
Adıçəkilən şəxslər xidməti vəzifələrinin icrası zamanı pestisidlərin dövriyyəyə buraxılmasına dair reqlament və təlimatın tələblərini, eləcə də dərmanlanma işlərinin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarını pozmaqda təqsirləndirilirlər.
İyunun 21-də onlara Cinayət Məcəlləsinin 222.3 (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub və barələrində həbs qətimkan tədbiri seçilib.
Zəhərlənmə hadisələri bu il iyunun 10-da Saatlı rayonunun Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus pambıq tarlasında, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsində, iyunun 19-da İmişli rayonu ərazisində “MKT İK” MMC-nin İmişli filialına məxsus əkin sahələrində, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsində baş verib.
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş Prokurorluq, Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də Qida Təhlükəsizliyi Agentliyinin rəhbər və məsul əməkdaşlarından ibarət komissiya zəhərlənmənin səbəblərini araşdırmaq məqsədilə rayonlara ezam edilib.
Kənd təsərrüfatı naziri İnam Kərimov, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri İmişli rayonunda sahibkarlar və yerli mütəxəssislərlə görüşlər keçirib, onları maraqlandıran sualları cavablandırıb, baş vermiş hadisənin təkrarlanmaması üçün tapşırıqlar veriblər.
Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə nazirliyin məsul əməkdaşları İmişli və Yevlax rayonlarında zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə daxil olmuş şəxslərin müalicəsini nəzarətə götürüb.
Baş Prokurorluğun, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətlərinin iyunun 22-də yaydığı birgə məlumatda deyilir ki, hazırda xəstələrin səhhətinə hər hansı təhlükə yoxdur.
Zəhərlənmə hadisələrinin istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılır. Cinayət işi Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərə qarşı müəyyən edilmiş mübarizə qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ağır nəticələrə səbəb olduqda) maddələri ilə başlanıb.
Mətbuat xidmətlərinin 22 iyun məlumatında deyilir ki, istintaq zamanı şahid və zərərçəkmiş şəxslər dindirilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib. Kənd Təsərrüfatı, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin, bitki, torpaq və digər nümunələri götürülərək onların tədqiqatı aparılıb, məhkəmə tibbi, kimyəvi və digər ekspertizalar təyin olunub.
Mətbuat xidmətlərinin birgə məlumatında deyilir: “Hazırda cinayət işi üzrə digər müraciətlər də araşdırılmaqla insanların həyat və sağlamlığına təhlükə yaradan bu qəbil hadisələrin qarşısının alınması üçün profilaktiki tədbirlər həyata keçirilməklə, zəruri istintaq hərəkətləri davam etdirilir.
Araşdırma zamanı həmçinin müəyyən edilib ki, bəzi şəxslər tərəfindən sui-istifadə hallarına yol verilərək, həyatı və sağlamlığı üçün heç bir təhlükə və zəhərlənmə əlamətləri olmayan vətəndaşlar gələcəkdə kompensasiya almaq adı ilə müalicə müəssisələrinə müraciət etməyə sövq edilirlər. Həmin əməllərin təşkilatçıları barəsində də araşdırmalar aparılmaqdadır”.
Xatırladaq ki, iyunun 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev tutduğu vəzifədən azad olunub.