İyunun 24-ü Türkiyədə keçiriləcək parlament və prezident seçkiləri ilə ölkə konstitusiyasına dəyişikliklər tam qüvvəyə minir.
Konstitusiya 2017-ci il aprelin 16-da keçirilmiş referendumda yenilənib. Referendumun nəticələri təsdiqlənən kimi prezidentin partiya üzvü olmaq və bəzi təyinatlar aparmaq hüququ rəsmiləşib. Qoşa seçkidən sonra isə ölkənin idarə üsulu dəyişir: baş nazir postu ləğv edilir, prezident hökumət başçısı olub kabineti formalaşdırır.
Novator.az bildirir ki, ana yasa dəyişikliyi ilə parlament üzvlərinin sayı 550-dən 600-ə qalxır. Seçilmə yaşı 25-dən 18-ə düşür.
Prezident və parlament seçkiləri beş ildən bir eyni gündə keçirilir.
Parlamentdə çoxluq üçün 301 deputatın olması gərəkdir. Toplaşmağa 200 deputatın iştirakı kifayət edir, qərarların qəbulu isə 151 səslə mümkündür.
Konstitusiya dəyişikliyi üçün 400 səs gərəkdir.
Eyni şəxs iki dəfədən artıq prezident seçilə bilməz. Prezidentin qanunları imzalamaq və ya parlamentə qaytarmaq, Konstitusiyaya Məhkəməsinə göndərmək hüququ var. O, vitse-prezidentləri, nazirləri, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini, səfirləri təyin edir.
Prezident həm də Silahlı Qüvvələrin ali baş komandanıdır.
Dövlət başçısı 6 aydan çox olmamaq şərti ilə fövqəladə vəziyyət elan edə bilər.
Prezident və parlament seçkiləri 2019-cu il noyabrın 3-də olmalı idi. Ancaq Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyasının təşəbbüsü ilə seçkilər iyunun 24-nə çəkilib.
İndi Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur.
Ədalət və İnkişaf Partiyası 2002-ci ildən bəri təkbaşına hakimiyyətdədir. Partiyanın lideri Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub. 28 avqust 2014-cü ildən prezidentdir.
Parlament seçkisinə Ədalət və İnkişaf Partiyası və Milliyyətçi Hərəkat Partiyası Xalq ittifaqı adı altında, Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya, Səadət Partiyası Millət ittifaqı adı altında, Xalqların Demokratik Partiyası, Vətən Partiyası, Hür Dava Partiyası ayrılıqda qatılıb.
Prezidentlik uğrunda 6 nəfər yarışır: hakim Ədalət və İnkişaf Partiyasının sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan, Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından deputatı Məhərrəm İncə, Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaş (hazırda həbsdədir), Yaxşı Partiyanın lideri Maral Akşener, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Vətən Partiyasının lideri Doğu Perinçek.