İyunun 21-də Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri birgə məlumat yayıb. Məlumatda deyilir: “2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində, Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib.
Bununla əlaqədar ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri yerin təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartları, normativlərı, qaydaları və lisenziyalaşdırma şərtlərini kobud surətdə pozduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranıb, çay məcraları kəskin eroziyaya məruz qalıb.
Toplanmış materiallar əsasında Baş Prokurorluqda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanıb.
İstintaq araşdırmaları göstərib ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olub, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirib və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub.
Konkret olaraq “Göyçay” qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manatdan çox, Mingəçevir şəhərində və Yevlax rayonunda yerləşən 16 karxana 700 min manatdan artıq, Şamaxı, İmişli, Şəmkir, Qazax, Quba, Qusar, Tərtər və Bərdə rayonları ərazisində yerləşən 56 karxana isə 8 milyon manatdan çox ziyan vurub.
Hüquqazidd əməllərə yol verdiklərinə görə “ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, “Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, “Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, “Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs ediliblər.
“Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və “Gülövşə” MMC-nin təsisçisi Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
“Attinak” MMC, “Bayburt Qrup” Anonim Şirkəti, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir.
İstintaqı aparılan cinayət işləri üzrə bütün təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir”.