İyunun 20-də jurnalistlərə açıqlama verən müdafiə naziri Zakir Həsənov Naxçıvanda çox uğurlu hərbi əməliyyat keçirildiyini vurğulayıb.
Mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edilib. Bununla da ordu daha əlverişli mövqelərdə möhkəmlənib, Günnüt, Ağbulaq yaşayış məntəqələri ətrafındakı yüksəkliklər, Qızılqaya dağı və Qaraqaya dağlarında yeni mövqelər ələ keçirilib.
Dərələyəz mahalının Arpa kəndində (Areni) və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə Yerevandan Xankəndiyə gedən avtomobil yoluna nəzarət imkanı verməsidir.
Zakir Həsənov iyunun 20-də keçirdiyi mətbuat konfransında deyib ki, neytral torpaq anlayışı yoxdur: “Sahibsiz torpaq da yoxdur. Bu ərazilər bizim torpaqlarımızdır. Ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar ərazi işğaldan azad edildi. İndi ordumuz Laçına gedən yola nəzarət edir. Bu, bizim növbəti uğurumuzdur”.
Nazir onu da qeyd edib ki, kütləvi informasiya vasitələrinin nümayəndələri əsgər ölümləri ilə bağlı məlumatları yayarkən həssas olmalıdırlar: “Hər bir əsgər ölümü olanda biz çox ciddi sarsıntı keçiririk. Hər dəfə hərbi qulluqçularımızın həlak olması faktı baş verəndə ciddi araşdırma aparırıq. Araşdırmalardan sonra məlum olur ki, əsgər şəhid olub və ya qeyri-döyüş şəraitində həlak olub. Ona görə də mətbuat nümayəndələri hadisə barədə məlumat verməyə tələsməməlidirlər. Gəlin araşdırmanın nəticəsini gözləyək. Biz heç vaxt əsgər ölümlərini gizlətmirik. Sadəcə, tələsməyə yol vermək olmaz”.