Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri zamanı işğalçı rejimin başçısı Bako Saakyana dəstək verib.
Nikol Paşinyan Dağlıq Qarabağa iyunun 16-da gedib. Novator.az-ın məlumatına görə, həmin gün o, Xocavənd rayonunda yeni kilsənin açılışına qatılıb, Ermənistanın müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə birlikdə cəbhənin ön xəttinə baş çəkib, Xankəndidə hərbi müşavirədə iştirak edib.
İşğalçı rejimin rəhbərliyi ilə görüşdə Nikol Paşinyan Bako Saakyanın tutduğu dəyişikliklər kursunu dəstəklədiyini deyib.
İyunun 1-i Xankəndidə bir qrup şəxslə “Milli Təhlükəsizlik Xidmətinin” iki əməkdaşı dalaşıb. Davada iki şəxs xəsarət alaraq xəstəxanaya düşüb. Bundan sonra Xankəndidə etiraz aksiyaları keçirilib, “Milli Təhlükəsizlik Xidməti” rəhbərliyinin, o cümlədən “hökumətin” istefası tələb olunub.
İyunun 6-sı Dağlıq Qarabağ rejiminin “dövlət naziri” Araik Arutunyan, “Polis rəisi” Kamo Ağacanyan və “Milli Təhlükəsizlik Xidmətinin” direktoru Arşavir Qaramyan istefa veriblər.
“Dövlət naziri” postuna Qriqori Martirosyan, “Milli Təhlükəsizlik Xidmətinin” direktoru postuna Samvel Şahramanyan, “Polis rəisi” postuna İqor Qriqoryan gətirilib.
Bako Saakyan ötən həftə jurnalistlərə açıqlamasında 2020-ci ildə keçiriləcək “prezident seçkisində” namizəd olmayacağını bəyan edib.
Bako Saakyan Azərbaycana qarşı işğalçı müharibənin qaniçən liderlərindən biridir. O, 2007 və 2012-ci illərin “ümumxalq seçkilərində” “prezident” seçilib.
Rejimin ötən il qəbul etdiyi yeni “konstitusiya” ilə Dağlıq Qarabağ “prezident respublikası”na çevrilib. “Ümumxalq seçkisi”ndə 5 il müddətinə seçilən “prezident” icra hakimiyyətinə rəhbərlik edəcək. Prezident və parlament “seçkiləri” eyni gündə keçiriləcək.
Bako Saakyanın səlahiyyət müddəti ötən ilin iyul ayında başa çatıb. Növbəti “parlament seçkisi” isə 2020-ci ildə olmalıdır. Bu məqama görə işğalçı rejim “ana qanun”da keçid müddəası nəzərdə tutub. Həmin müddəaya əsasən, ötən il iyulun 19-da Bako Saakyan “parlamentdə” yenidən “prezident” seçilib. Onun səlahiyyət müddəti 2020-ci ildə bitir.
Ancaq Dağlıq Qarabağda bəzi qüvvələr 2020-ci ilə qədər gözləməyə lüzum görmür, Bako Saakyanın indi istefa verməsini tələb edirlər.
Novator.az xatırladır ki, Ermənistan prezidenti Armen Sərkisyan da iyunun 13-ü Xankəndiyə səfər edərək Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla bir araya gəlmişdi. Həmin səfərin də Bako Saakyana dəstək məqsədi güddüyü vurğulanır.