İyunun 15-də Ermənistan Kassasiya Məhkəməsi Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayanı parlamentin 11 deputatının qoyduğu girov müqabilində zaminə buraxıb. Novator.az-ın məlumatına görə, zamin duran deputatların hər birindən 500 min dram (1035 dollara yaxın) girov alınıb.
1965-ci ildə Xankəndidə doğulmuş Samvel Babayan 1993-1999-cu illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrə komandanlıq edib. Azərbaycan torpaqlarında törədilmiş qanlı cinayətlərin əsas iştirakçılarından biridir.
2000-ci ildə o, separatçıların lideri Arkadi Qukasyana sui-qəsd təşkilində günahlandırılaraq 14 illik həbs cəzası alıb, 4 il 6 aydan sonra əfv edilib.
Yerevanda yaşayan Samvel Babayan 2017-ci il martın 22-də tutulub. Cinayət yolu ilə əldə olunmuş gəliri leqallaşdırmaqda, hərbi sursatın qanunsuz əldə olunması, saxlanması və daşınmasına təhrikdə təqsirli bilinən Samvel Babayan ötən il noyabrın 28-də 6 il müddətinə azadlıqdan məhrum edilib.
Novator.az xatırladır ki, iyunun 13-də Yerevan Apellyasiya Məhkəməsi Qarabağ müharibəsinin başqa bir qaniçən iştirakçısı Jirayr Sefilyanı azadlığa buraxıb. “Müəssislər parlamenti” hərəkatının lideri olan Jirayr Sefilyanı Milli Məclisin 16 deputatı zaminə götürüb. Deputatların hər biri 500 min dram girov qoyub.
Jirayr Sefilyan 1967-ci ildə Livanın paytaxtı Beyrutda doğulub. Daşnaksütun Partiyasının Livan təşkilatının fəallarından olan Jirayr Sefilyan 1990-cı ildə hərbi təlimçi kimi Ermənistana göndərilib. 1991-ci ildə Dağlıq Qarabağa gəlib və Azərbaycan torpaqlarının işğalında iştirak edib. Şuşanın işğalından sonra bu şəhərdə yaradılmış xüsusi batalyonun komandiri olub. Uzun müddət Dağlıq Qarabağdakı işğalçı orduda yüksək vəzifələr tutub.
2000-ci ildən siyasi fəaliyyətlə məşğul olan Jirayr Sefilyan radikal müxalif mövqedə durub və buna görə bir neçə dəfə həbs edilib.
2016-cı ilin iyun ayında Jirayr Sefilyan yenə tutulub, qanunsuz silah saxlamaqda ittiham edilib. Həmin il iyulun 17-nə keçən gecə paytaxt Yerevanda patrul-mühafizə polkuna basqın edən silahlı şəxslər polis əməkdaşlarını girov götürüb, Jirayr Sefilyanı həbsdən buraxmaq tələbi qoyublar, hökumətin istefası şüarları səsləndiriblər. Basqın zamanı və sonrakı günlərdə 3 polis əməkdaşı həlak olub, bir neçə nəfər yaralanıb. İyulun 31-də dəstə silahı yerə qoyaraq hüquq mühafizə orqanlarına təslim olub.
Patrul mühafizə polkunu zəbt etmiş dəstənin işi həmin il aprelin 24-ü Yerevanda baş vermiş kütləvi iğtişaşlar və Jirayr Sefilyanın tərəfdarlarından silah tapılması ilə bir icraatda birləşdirilib. Bu il martın 20-də Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.