Gürcüstan prezidenti Georgi Margvelaşvili yeni hökuməti formalaşdırmağı maliyyə naziri səlahiyyətlərinin icraçısı Mamuka Baxtadzeyə həvalə edib. O, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının namizədidir.
Novator.az bildirir ki, 1982-ci il təvəllüdlü Mamuka Baxtadze Tbilisi Dövlət Universitetinin, Gürcüstan Texniki Universitetinin, Moskva Dövlət Universitetinin və Fransa Biznes Məktəbinin məzunudur. Maliyyə naziri postunu 2017-ci ilin noyabr ayından tutur.
Gürcüstanda hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanaraq konstitusion çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.
İyunun 13-də Gürcüstan hökuməti tam tərkibdə istefaya gedib. Bu, Georgi Kvirikaşvilinin həmin gün baş nazir postundan ayrılmasının nəticəsi olub. 2015-ci il dekabrın 25-dən hökumətin başında olan Georgi Kvirikaşvili istefasının Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının sədri Bidzina İvanişvili ilə fikir ayrılığından doğduğunu deyib.