Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər edən Ermənistan prezidenti Armen Sərkisyan iyunun 13-ü Xankəndidə Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyanla bir araya gəlib. Novator.az-ın məlumatına görə, Armen Sərkisyan işğalçı liderə deyib ki, Dağlıq Qarabağ erməni milləti üçün xüsusi əhəmiyyət kəsb edir: “Bizim bu məsələdə hər hansı şəkildə uduzmağa haqqımız yoxdur”.
Bako Saakyanla görüşündə Armen Sərkisyan nənəsinin Dağlıq Qarabağda doğulduğunu vurğulayıb.
Həmin gün Armen Sərkisyan Kəlbəcər rayonu ərazisindəki xristian məbədinə də baş çəkib.
APA-ya açıqlama verən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Armen Sərkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri təxribat məqsədi daşıyır və vəziyyətin gərginləşdirilməsinə xidmət edir: “Bu bir daha onu sübut edir ki, Ermənistan rəhbərliyinin sülhdən və ya əməkdaşlıqdan danışması riyakarlıqdan və beynəlxalq ictimaiyyəti aldatmaqdan cəhdindən başqa bir şey deyil. ATƏT-in Minsk qrupu həmsədrlərinin Yerevana səfəri günü Ermənistan rəhbərliyi bu kimi təxribatçı və destruktiv addımları ilə Ermənistanın münaqişənin danışıqlarla həllində maraqlı olmadığını, status-kvonun saxlanması və hərbi təcavüz yolu ilə işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı siyasətini yürütdüyünü açıq şəkildə nümayiş etdirir. Ermənistan rəhbərliyinin bu siyasəti regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyur. Bir daha bəyan edirik ki, yaranmış mövcud vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.
Novator.az xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 13-ü Yerevanda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb. Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması məsələlərinin gündəmə gəldiyi görüşdə Nikol Paşinyan Ermənistanın sülh danışıqlarını davam etdirməyə hazır olduğunu vurğulayıb. Görüşdə münaqişə bölgəsindəki vəziyyətə toxunulub, gərginliyin azaldılması istiqamətində əldə olunmuş razılaşmalara əməl edilməsinin zəruriliyi bildirilib.
1988-ci ilin fevralında Azərbaycanın Mardakert, Martuni, Hadrut, Şuşa, Əsgəran rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.