Gürcüstan hökuməti tam tərkibdə istefaya gedib. Novator.az-ın məlumatına görə, bu, Georgi Kvirikaşvilinin baş nazir postundan ayrılmasının nəticəsidir. 2015-ci il dekabrın 25-dən hökumətin başında olan Georgi Kvirikaşvili iyunun 13-ü axşam istefa verdiyini bəyan edib. O, istefasının hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının sədri Bidzina İvanişvili ilə fikir ayrılığından doğduğunu deyib.
Gürcüstanda hökuməti 150 yerlik parlamentə azı 76 mandat əldə edən partiya formalaşdırır. 2016-cı ilin oktyabrında keçirilmiş son parlament seçkisində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası 115 mandat qazanaraq konstitusion çoxluq əldə edib. 2012-ci ildə qurulmuş partiya həmin ilin oktyabr ayından hakimiyyətdədir.
1967-ci il təvəllüdlü Georgi Kvirikaşvili baş nazir postundan əvvəl iqtisadiyyat və davamlı inkişaf naziri, xarici işlər naziri vəzifələrini tutub.