Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı son təqdimatını diqqətə çatdırır.
Çempionat iyunun 14-dən Rusiyada keçirilir. 32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.
H qrupu
Ötən əsrin 70-80-ci illərində qızıl dövrünü yaşayan Polşa millisi ondan sonra DÇ-2002 və DÇ-2006-da iştirak etmiş və qrupda qalmışdı. Rusiya mundialı ərəfəsində isə komanda keçirdiyi 4 yoldaşlıq görüşündə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətə imza atıb.
Polşalıların əsas qol ümidi “Çelsi”, “Mançester Siti” və PSJ kimi klubların hədəfində olan “Bavariya”nın 29 yaşlı forvardı Robert Levandovskidir. O, 16 qolla DÇ-2018-in seçmə mərhələsində Avropa zonasının bombardiri olub. Ümumiyyətlə, Levandovski 55 qolla Polşa millisinin bütün dövrlər ərzində ən məhsuldar oyunçusudur.
Seneqal millisi UEFA Çempionlar Liqasının finalçısı “Liverpul”un ulduzu Sadio Manenin komandasıdır. 26 yaşlı cinah oyunçusu 2016-cı ildə “Afrikanın ən yaxşı futbolçusu” sorğusunda 3-cü, ötən il isə 2-ci yeri tutub. O həmçinin “Liverpul”da debüt etdiyi 2016-2017 mövsümündə komandanın ən yaxşı futbolçusu seçilib.
Seneqal millisində “FourFourTwo” jurnalının dünyanın ən yaxşı müdafiəçilərindən biri saydığı “Napoli”li Kalidu Kulibalini, həmçinin “Bursaspor”lu forvard Musa Sounu da qeyd etmək olar.
“Terenqa aslanları” bu il keçirdikləri 5 yoldaşlıq görüşündən yalnız 1-də qələbə qazanıblar, ancaq məğlubiyyətlərinin sayı da 1-dir.
Bundan əvvəl yalnız 2002-ci ildə mundialda çıxış edən Seneqal millisi o vaxt sensasiyalı şəkildə 1/4 finala çıxmış və yalnız türk İlhan Mansızın “qızıl qol”u üzündən mübarizəni dayandırmışdı. Yeri gəlmişkən, həmin komandanın ulduzlarından El Haci Diuf liberiyalı Corc Veanın ölkəsində prezident seçilməsindən ruhlanaraq bu günlərdə siyasətlə məşğul olacağını açıqlayıb.
Ötən əsrin 90-cı illərində üç mundialda çıxış etmiş kolumbiyalı Karlos Valderramanın gur saçı yadınızdadırmı? 56 yaşlı keçmiş futbolçu Kolumbiya millisinin dünya çempionu olacağı təqdirdə saçını dibindən qırxdıracağına söz verib.
Bu komanda DÇ-2014-də 1/4 finala çıxaraq tarixinin ən yüksək nailiyyətinə imza atmış, futbolçusu Xames Rodriges isə 6 qolla mundialın bombardiri olmuşdu.
Rusiya mundialında da Kolumbiya millisinə ümidlər böyükdür. Komandanın heyətində “Arsenal” (qapıçı David Ospina), “Milan” (müdafiəçi Kristian Zapata), “Barselona” (müdafiəçi Yerri Mina), “Bavariya” (yarımmüdafiəçi Xames Rodriges), “Yuventus (yarımmüdafiəçi Xuan Kuadrado), “Vilyarreal” (hücumçu Karlos Bakka) və “Monako” (hücumçu Radamel Falkao) kimi klubların futbolçuları var.
Kolumbiyalıların bu il keçirdikləri 3 yoldaşlıq görüşündə 1 qələbə və 2 heç-heçəyə imza atdıqlarını da bildirək.
Yaponiya millisi mundiala iki ay qalmış baş məşqçi vəzifəsində dəyişiklik etməklə – komandaya final turnirinə vəsiqə qazandıran Vahid Xəlilhodjiçi göndərməklə gündəmə gəlmişdi.
Bu il keçirdikləri 5 yoldaşlıq görüşünün 3-də uduzan yaponlar yalnız mundialın startına iki gün qalmış paraqvaylılarla hazırlıq matçında qələbəyə seviniblər – 4:2.
Komandanın əsas qol ümidi “Lester”də çıxış edən 32 yaşlı hücumçu Sindzi Okadzakidir. Təcrübə baxımından vaxtilə “Milan”da çıxış etmiş 31 yaşlı yarımmüdafiəçi Keysuke Honda və Dortmund “Borussiya”sının 29 yaşlı yarımmüdafiəçisi Sindzi Kaqavanı da fərqləndirmək mümkündür.
1998-ci ildən mütəmadi dünya çempionatlarına qatılan və 5 mundialdan ikisində 1/8 finala çıxa bilən yaponların bu dəfə də qrupda qalacaqlarını proqnozlaşdırmaq olar.
Yeri gəlmişkən, əfsanəvi Arsen Vengerin yeni mövsümdə mümkün iş yeri kimi Yaponiya millisinin də adı çəkilir.