Dövlət Statistika Komitəsi ticarət hesabatları yayıb. Novator.az-ın məlumatına görə, hesabatların birində qeyd olunur ki, bu ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,4 faiz üstələyərək 13,7 milyard manata bərabər olub. Ticarət dövriyyəsinin 6,9 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6,8 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib.
Beş ayda alıcıların xərclədiyi vəsaitin 45,2 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,8 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq məhsulları və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 140,1 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 139,6 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Başqa bir hesabata əsasən, yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən mal qəbul edilib.
Dörd ayda xarici ticarət dövriyyəsi 9 milyard 318,8 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 6 milyard 292,7 milyon dollar, idxalın dəyəri 3 milyard 26,1 milyon dollar təşkil edib, 3 milyard 266,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
2017-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8 faiz, real ifadədə isə 3,3 faiz, o cümlədən ixrac 2,2 faiz, idxal 5,7 faiz artıb. 485,3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib, bu da 2017-ci ilin yanvar-aprel aylarına nisbətən faktiki qiymətlərlə 19,3 faiz, real ifadədə isə 11,4 faiz çoxdur.