İradəsiz kollegiya?
- 13 İyun 2018
- comments
- Novator.az
- Posted in ManşetXəbər
İyunun 11-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən fəaliyyəti dayandırılmış vəkilin İradə Cavadova olduğu təsdiqlənib.
Vəkillər Kollegiyası bəyan edib ki, İradə Cavadova haqqında qərar şikayətçi xanım K.M.-in kollegiyaya müraciəti əsasında çıxarılıb: “Şikayətçi teleqramda göstərib ki, İradə Cavadovaya etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, özünün razılığı olmadan onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər edib, bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıb. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib, Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadova barəsində tədbir görülsün”.
Vəkillər Kollegiyası İradə Cavadovanın vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edəcək.
İradə Cavadova “Azadlıq” radiosuna deyib ki, onun icraatında bir sıra vacib işlər var və həmin işlərin davam etdirilməsinə imkan verilməsi xahişi ilə kollegiyaya müraciət edib. İradə Cavadova kollegiyanın onun müraciətini anlayışla qarşılayacağına ümid edir.
İradə Cavadova Vəkillər Kollegiyası Rəyasət Heyətinin onu niyə cəzalandırdığını bilmir. Amma o düşünür ki, Vəkillərin İntizam Komissiyası onunla bağlı qərəzli rəy verib.
İradə Cavadovanın sözlərinə görə, şikayətçi xanımla müqaviləsinin olmaması barədə deyilənlər yalandır: “2005-ci ildən vəkiləm, bu 13 ildə heç bir intizam tənbehim olmayıb. Bir xanım vardı, mənə müraciət edib, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şahid qismində dəvət olunduğunu bildirib, onunla getməyimi istəmişdi. Mənimlə müqavilə bağlandı. Mənimlə müqaviləsi olmayan adamı niyə müdafiə etməliydim? Bu da absurddur. Anasının ərizələri var. Özünün dediyinə görə, mənim yanımdan çıxandan sonra onu həmin idarənin əməkdaşları qanunsuz olaraq tutub aparıb və o, orada iki sutkadan çox saxlanılıb. Bu barədə mənə anası məlumat verib. Mən də vəkili kimi, anasına istinadən daxili işlər nazirinə açıq məktub yazmışdım. Çünki idarəyə müraciət etsəm də, dedilər burada yoxdur. Xanım isə zəng eləyib deyirdi ki, oradadır. Ona görə müraciət etmişəm. Hesab etmirəm ki, xanım haqqında şəxsi məlumatlar yaymışam, onun şərəf və ləyaqətini alçaltmışam. Mənim həmin müraciətim yayılandan sonra onu buraxdılar”.
Şikayətçi xanımın vəkil kimi hələ də ondan imtina etmədiyini deyən İradə Cavadovanın sözlərinə görə, müştərinin ondan nazirə müraciətdə yazılanların təkzib olunmasını istədiyi, lakin onun imtina etdiyi barədə deyilənlər də həqiqətə uyğun deyil: “Xanım təkzib üçün mənə heç vaxt müraciət etməyib. Müraciət etsəydi, təbii ki, təkzib verərdim”.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə “Azadlıq” radiosuna bildirib ki, məsələni kifayət qədər araşdırandan sonra qərar veriblər.
Onun dediyinə görə, şəxsən özü də şikayətçi xanımla görüşüb: “İradə xanım deyir ki, xanım təzyiq altında ondan şikayət edib. Amma həmin xanım mənimlə görüşdə də teleqramda yazdıqlarını təkrarladı. Deyir ki, o müraciət KİV-lərdə yayılıb, mən biabır olmuşam, şərəf və ləyaqətimə toxunur, hamı məndən o haqda soruşur. Hətta iddia edir ki, müqaviləni də özü imzalamayıb. Biz müqavilədə onun imzasının həqiqiliyi məsələsini araşdırmamışıq. O, bizim səlahiyyətimizdə olan məsələ deyil. Kimsə kiminsə imzasını saxtalaşdırıbsa, onu başqa qurumlar araşdırmalıdır. Amma mənimlə görüşdə öz imzasını göstərdi. Vizual baxışda həqiqətən də oxşamırdı. İntəhası, mən yenə deyirəm, biz ona qiymət vermirik. Hətta xanım mənə dedi ki, əksinə, İradə xanım ona təzyiq edir ki, şikayətindən imtina etsin”.
Anar Bağırov hesab edir ki, İradə Cavadova haqlı olduğunu təsdiqləyə bilməyib, yetərli sübutlar təqdim etməyib. O deyir ki, düzdür, xanımla vəkili üzləşdirməyiblər, çünki istintaq və ya təhqiqat orqanı deyillər və belə səlahiyyətləri yoxdur. Amma İntizam Komissiyasının rəyini nəzərə alaraq, qanunu əsas tutaraq belə bir nəticəyə gəliblər ki, İradə Cavadovanın əməlində həm “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun, həm də vəkillərin davranış qaydalarına dair əsasnamənin ciddi pozuntuları var. Anar Bağırov İradə Cavadovanın hələ ki, vəkil olduğunu, kollegiyadan uzaqlaşdırılması haqda məhkəmədə iddia qaldıracaqlarını söyləyib.
2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun vəkillik fəaliyyətnin dayandırılması və onun kollegiyadan çıxarılması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Bu qərar qəbul edilərkən kollegiya üzvlərindən yalnız İradə Cavadova qərarın əleyhinə səs verib.
Anar Bağırov “Azadlıq” radiosuna açıqlamasında İradə Cavadovanın vaxtilə Yalçın İmanovu müdafiə etdiyinə görə cəzalandırıldığı haqda deyilənlərə də münasibət bildirib. O deyib ki, Rəyasət Heyətində qərarlar yekdilliklə qəbul olunmur: “Hazırda Rəyasət Heyətinin 15 üzvü var. Əleyhinə olan da olur, bitərəf qalanlar da. Hər dəfə kimsə əleyhinə olsa, yaxud bitərəf qalsa, biz onları kollegiyadan xaric etməliyik? Absurd, gülməli ittihamdır”.
Yalçın İmanov isə İradə Cavadovanın məhz 2017-ci ilin noyabrında Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında onu müdafiə etdiyinə görə cəzalandırıldığını düşünür. Bunu o, iyunun 12-də Azadliq.info-da dərc etdirdiyi açıq məktubunda da vurğulayıb.
Yalçın İmanovun İradə Cavadovaya ünvanladığı açıq məktubundan bir parça: “Əzizim İradə xanım! Əminəm ki, ötən ilin 20 noyabrında sizin məni qızğın və ürəklə müdafiə etməyiniz vəkillik aqibətinizdə mühüm, həlledici rol oynadı. Heç bunu sizdən soruşmağa da ehtiyac duymuram, faktların ardıcıl düzümü və konstatasiyası kifayət edir. İndi niyəsə mən özümü günahkar hiss eləyirəm, məni müdafiə etməsəydiniz, ya xora qoşulub, ya da eləcə sakitcə sussaydınız, güman ki, başqa cür olardı.
Bu ölkədə böyük əksəriyyət “başını aşağı salıb, işini gör” deyir. Amma başı yuxarı qaldırıb da işini görmək olar. Bir kimsə demir ki, “başını qaldır, işini gör”! Axı, Tanrı bu bədən üzvünü bəndəsinə elə ucada, dik saxlamaq üçün verib!
Mən bilmirəm nə deyim, sizə necə təsəlli verim, yəqin ki, bu sonuncuya ehtiyacınız da yoxdur. Axı siz də gözəl bilirsiniz ki, təsəlli nəyisə kiçiltmək, kimisə aldatmaq cəhdidir. Amma yenə də. Yaxşı bilirəm, peşənizi çox sevirsiz, vəkilliyə qəlbən bağlısız və sözün açığı, bu peşə də sizə çox yaraşır. Siz bu qaranlıq ölkədə həmkarlarım içində tanıdığım azsaylı işıqlı adamlardan birisiz”.