Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 13-ü Yerevanda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə görüşüb.
Novator.az-ın məlumatına görə, bu, mayın 8-dən baş nazir postuna oturan Nikol Paşinyanın beynəlxalq vasitəçilərlə ilk təması olub.
Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanması məsələlərinin gündəmə gəldiyi görüşdə Nikol Paşinyan Ermənistanın sülh danışıqlarını davam etdirməyə hazır olduğunu vurğulayıb.
Görüşdə münaqişə bölgəsindəki vəziyyətə toxunulub, gərginliyin azaldılması istiqamətində əldə olunmuş razılaşmalara əməl edilməsinin zəruriliyi bildirilib.
Baş nazir postuna gələndən sonra Nikol Paşinyan bir neçə dəfə bildirib ki, Ermənistan rəhbəri olaraq Azərbaycanla danışıqlara hazırdır, Dağlıq Qarabağ adından danışıqları isə yalnız Dağlıq Qarabağ nümayəndələri apara bilər. O, Dağlıq Qarabağ rejiminin danışıqların tərəfi olmasını təklif edir.
1988-ci ilin fevralında Azərbaycanın Mardakert, Martuni, Hadrut, Şuşa, Əsgəran rayonları və Stepanakert şəhərindən ibarət Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat, hərbi təcavüz başlayıb. 1991-ci il sentyabrın 2-də ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib, işğalçı müharibə alovlanıb. 1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı bölgələri (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonlarını tam, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını qismən) işğal edib.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi üçün 1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. Minsk qrupu həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.