İyunun 12-si Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreyanın ali rəhbəri, Əmək Partiyasının sədri Kim Çen İn bir araya gəliblər. Bu, ABŞ və Şimali Koreya dövlət başçılarının tarixdə ilk görüşü olub.
Novator.az bildirir ki, dövlət başçıları Sentosa adasındakı “Kapella” hotelində əvvəlcə təkbətək görüşüblər, sonra dialoq geniş tərkibdə davam etdirilib. Görüşə ABŞ tərəfdən dövlət katibi (xarici işlər naziri), Prezident Administrasiyasının rəhbəri və milli təhlükəsizlik məsələləri üzrə müşavir, Şimali Koreya tərəfdən Fəhlə Partiyası sədrinin iki müavini və xarici işlər naziri qatılıblar.
Donald Tramp və Kim Çen İn sonda birgə sənəd imzalayıblar. Razılaşma ABŞ-ın Şimali Koreyaya təhlükəsizlik təminatı verməsini, Şimali Koreyanın isə bunun əvəzində nüvə silahlarından tam imtina etməsini nəzərdə tutur. ABŞ-la Şimali Koreya arasında münasibətlərin qurulması da sazişə daxildir.
ABŞ-la Şimali Koreya ötən əsrin 50-ci illərindən bir-birinə qarşı düşmən mövqedədirlər. Son vaxtlar münasibətlərdə nisbi yumşalma Şimali Koreya rejiminin nüvə sınaqlarından imtina etməsinin nəticəsidir.
Kim Çen İn 2011-ci ildən Şimali Koreyanın rəhbəridir. Ondan əvvəl ölkəyə atası Kim Çen İr (1994-cü ildən), atasından əvvəl isə babası Kim İr Sen (1948-ci ildən) rəhbərlik edib.