Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı təqdimatlarını davam etdirir.
Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. 32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.
F qrupu
Çempionluğu qazanmaq çətin, bu titulu qorumaq ondan da çətindir. DÇ-2014-ün qalibi olan Almaniya millisi italyanların 1938 və braziliyalıların 1962 mundialında bacardığını təkrarlamağa çalışacaq.
Rusiya mundialı ərəfəsində İsveçrənin iri maliyyə holdinqi UBS-in 18 analitiki də xüsusi hesablamalar vasitəsilə “Bundestim”in çempionluq şanslarının hamıdan çox – 24% olması qənaətinə gəlib.
Almaniya millisinin son 6 yoldaşlıq görüşündə cəmi 1 qələbə qazanması faktına isə aldanmaq olmaz. Unutmayaq ki, “Futbol sadə oyundur, 22 nəfər 90 dəqiqə topun dalınca qaçır, yekunda isə almanlar qalib gəlir” (Qari Lineker).
Meksika millisi iştirak etdiyi son 6 mundialın hamısında qrup mərhələsini adlaması, amma 1/8 finalda ilişib qalması ilə diqqət çəkir. Bu komanda ən yaxşı halda öz ölkəsində keçirilən 1970 və 1986 mundiallarında 1/4 finala çıxa bilib.
Yeri gəlmişkən, Meksika millisinin yarımmüdafiəçisi Manuel Neqretenin 1986-cı ildə bolqarlarla oyunda vurduğu məşhur qolun FİFA-nın aprel ayında Facebook-da keçirdiyi sorğuda dünya çempionatları tarixinin ən yaxşı qolu seçilməsi də, yəqin ki, meksikalılara əlavə stimul verəcək.
Rusiya mundialında ən yaşlı komandalardan biri (orta yaş – 29,4) olacaq Meksika millisinin 39 yaşlı müdafiəçisi Rafael Markes özünün 5-ci dünya çempionatına qatılacaq.
Son 4 hazırlıq matçının yalnız birində qələbəyə sevinən komandanın əsas qol ümidi isə Çiçarito ləqəbli Xavyer Ernandesdir.
İsveçlilər DÇ-1994-də 3-cü yeri tutduqdan sonra keçirilən 5 mundialın ikisində iştirak edib və yalnız 1/8 finala çıxa biliblər (DÇ-2002, DÇ-2006). Son 4 yoxlama oyununda 2 məğlubiyyət və 2 heç-heçə ilə yadda qalsa da, unutmayaq ki, İsveç millisi italyanları Rusiya mundialına buraxmayan komandadır.
Yeri gəlmişkən, millidə sonuncu oyununu 2016-cı ildə keçirən və o vaxt beynəlxalq karyerasını bitirdiyini elan etmiş Zlatan İbrahimoviç mundial ərəfəsində “Dünya çempionatı mənsiz olmayacaq” deməklə azarkeşlərini yenidən İsveç komandasına mümkün qayıdışı ilə bağlı ümidləndirsə də, sonra 36 yaşlı forvardın dünya çempionatlarının sponsoru və FİFA-nın ortağı olan bir ödəmə sistemi şirkətinin elçisi kimi Rusiyaya yollanacağı bəlli olub.
Ardıcıl 9-cu mundialda çıxış edəcək Cənubi Koreya millisi yalnız DÇ-2002-də 4-cü yer tutub, DÇ-2010-da isə 1/8 finala çıxa bilib. Son 6 yoldaşlıq görüşünün yalnız birində qalib gələn koreyalıların indi bu nailiyyətləri təkrarlayacağı inandırıcı görünmür.
Rekord sayda – 3 dəfə, o cümlədən 2017-ci ildə “Asiyanın ən yaxşı beynəlxalq oyunçusu” (yəni qitədən kənarda çıxış edən ən yaxşı oyunçu) adına layiq görülən Son Hun Min Cənubi Koreya komandasının əsas qol ümididir. 2015-ci ildən “Tottenhem”in şərəfini qoruyan 25 yaşlı forvardın karyerası ərzində iki dəfə Premyer Liqada ayın oyunçusu, həmçinin “Hamburq”un bütün dövrlər ərzində rəmzi 11-liyinə seçildiyini də bildirək.