2017-ci ildə Ermənistanın dövlət büdcəsinin xərcləri 6,3% yüksəlib. 1 trilyon 504 milyard dramlıq (3,1 milyard dollara yaxın) artımın əsas hissəsi Rusiya krediti ilə silah alınmasına və dövlət borcunun ödənməsinə sərf edilib.
Novator.az-ın məlumatına görə, rəsmi hesabatda bildirilir ki, 2017-ci ildə dövlət borcunun bağlanmasına çəkilən xərclərdə 25% artım qeydə alınıb. Həmin xərclər üçün ümumilikdə 122 milyard dram ayrılıb. Bu, büdcənin ümumi xərclərinin 8,1%-i deməkdir.
Büdcə xərclərinin təxminən 12%-i, yəni 176 milyard dram (370 milyon dollara yaxın) xarici vəsaitlər hesabına ödənib. Hesabat göstərir ki, Ermənistanın xaricdən aldığı vəsait verdiyi vəsaitdən çoxdur.
Ümumi xərclərin 11,5%-i dövlət sektoru işçilərinin maaşlarına sərf olunub. 2016-cı illə müqayisədə bu istiqamətdə xərclərin 2% artdığı bildirilir.
Hesabata əsasən, büdcə xərclərinin 12%-ə qədərini dövlət sifarişləri təşkil edib.
2017-ci ildə Ermənistanda büdcədən subsidiyalara 113 milyard drama qədər vəsait ayrılıb. Bu, ümumi xərclərin 7,4%-idir.
Ötən il Ermənistanda büdcədən pensiya və müavinətlərə 2016-cı illə müqayisədə 1,9% çox vəsait, yəni 411 milyard dram (855 milyon dollara yaxın) xərclənib. Ümumi xərclərin 32%-i pensiya və müavinətlərə sərf olunub.
Səhiyyə xərcləri ümumi xərclərin 5,5%-i qədər, 83 milyard dram (173 milyon dollara yaxın) göstərilir.
2016-cı illə nisbətdə ötən il Rusiyadan alınan silahlar hesabına müdafiə xərcləri 30,4% artıb. Ümumilikdə müdafiə xərcləri 294 milyard dramla büdcə xərclərinin 20%-nə bərabər olub.
Səidə Hüseynova