Ermənistan hökumətində vakant vəzifələrin sayı üçə yüksəlib. Novator.az-ın məlumatına görə, Mülki Aviasiya Baş İdarəsinin rəisi Sergey Avetisyan öz xahişi ilə postdan çıxarılıb. O, Mülki Aviasiya Baş İdarəsinə 2016-cı ilin iyun ayından rəislik edirdi.
Hökumətin 8 iyun iclasında Narek Sərkisyanın Şəhərsalma Komitəsinin sədri, Martin Sərkisyanın Daşınmaz Əmlakın Kadastrı Komitəsinin sədri postundan azad edilməsi barədə qərarlar qəbul olunmuşdu.
Ermənistan hökumətinə mayın 8-dən Nikol Paşinyan baş nazirlik edir. Ararat Mirzoyan baş nazirin birinci müavini, Tiqran Avinyan və Mger Qriqoryan baş nazirin müavinləridir.
Zöhrab Mnasakanyan xarici işlər naziri, David Tonoyan müdafiə naziri, Mxitar Ayrapetyan diaspor naziri, Artak Zeynalyan ədliyyə naziri, Qraçya Rostamyan fövqəladə hallar naziri, Atom Cancuqazyan maliyyə naziri, Arsvik Minasyan iqtisadi inkişaf və investisiyalar naziri, Artur Xaçatryan kənd təsərrüfatı naziri, Aşot Akobyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri, Artur Qriqoryan enerji infrastrukturu və təbii sərvətlər naziri, Mane Tandilyan əmək və sosial məsələlər naziri, Suren Papikyan ərazi idarəçiliyi və inkişafı naziri, Arsen Torosyan səhiyyə naziri, Lilit Makunts mədəniyyət naziri, Araik Arutyunyan elm və təhsil naziri, Levon Vaqradyan gənclər və idman naziri, Erik Qriqoryan təbiəti mühafizə naziri postlarını tuturlar.
Kabinetin nəzdindəki qurumlarda bu şəxslər yer alır: Artur Vanetsyan (Milli Təhlükəsizlik Xidmətinin direktoru), Valeri Osipyan (Ermənistan Polisinin rəisi), Aşot Martirosyan (Nüvə Təhlükəsizliyi Komitəsinin sədri), David Ananyan (Dövlət Gəlirləri İdarəsinin rəisi).