Ermənistan parlamenti iyunun 7-də Nikol Paşinyanın baş nazirlik etdiyi hökumətin proqramını müzakirəyə çıxarıb. Novator.az-ın məlumatına görə, parlament 62 səslə proqramın tətbiqinə xeyir-dua verib, 39 nəfər bunun əleyhinə olub.
Proqram 7 istiqamətdən ibarətdir. Bunlardan biri növbədənkənar parlament seçkisinə hazırlaşmaqdır. Hökumət bu prosesə seçki qanunlarında islahatlardan başlamaq niyyətindədir.
43 yaşlı Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədridir. Baş nazir postunu bu il mayın 8-dən tutur. Onun hökuməti mayın 21-də prezident Armen Sərkisyanın hüzurunda and içib.
Hökumətdə Ararat Mirzoyan baş nazirin birinci müavini, Tiqran Avinyan və Mger Qriqoryan baş nazirin müavinləridir.
Zöhrab Mnasakanyan xarici işlər naziri, David Tonoyan müdafiə naziri, Mxitar Ayrapetyan diaspor naziri, Artak Zeynalyan ədliyyə naziri, Qraçya Rostamyan fövqəladə hallar naziri, Atom Cancuqazyan maliyyə naziri, Arsvik Minasyan iqtisadi inkişaf və investisiyalar naziri, Artur Xaçatryan kənd təsərrüfatı naziri, Aşot Akobyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri, Artur Qriqoryan enerji infrastrukturu və təbii sərvətlər naziri, Mane Tandilyan əmək və sosial məsələlər naziri, Suren Papikyan ərazi idarəçiliyi və inkişafı naziri, Arsen Torosyan səhiyyə naziri, Lilit Makunts mədəniyyət naziri, Araik Arutyunyan elm və təhsil naziri, Levon Vaqradyan gənclər və idman naziri, Erik Qriqoryan təbiəti mühafizə naziri postlarını tuturlar.
Kabinetin nəzdindəki qurumlarda bu şəxslər yer alır: Artur Vanetsyan (Milli Təhlükəsizlik Xidmətinin direktoru), Valeri Osipyan (Ermənistan Polisinin rəisi), Narek Sərkisyan (Şəhərsalma Komitəsinin sədri), Sergey Avetisyan (Mülki Aviasiya Baş İdarəsinin rəisi), Martin Sərkisyan (Daşınmaz Əmlakın Kadastrı Komitəsinin sədri), Aşot Martirosyan (Nüvə Təhlükəsizliyi Komitəsinin sədri), David Ananyan (Dövlət Gəlirləri İdarəsinin rəisi).