Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı dördüncü təqdimatını oxucuların diqqətinə çatdırır.
Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək. 32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.
D qrupu
Bu qrupda mundial ərəfəsində hazırlıq oyunlarında uğursuz nəticələr göstərən komandalar yer alıb.
Heyətində Lionel Messi çıxış edirsə, deməli, mundialın əsas favoritlərindən birisən. Üstəlik, Argentina komandasının hücum xəttində Serxio Aquero (“Mançester Siti”) və “Yuventus”lu cütlük – Qonsalo İquain və Paolo Dibala (millidə keçirdiyi 12 oyunda hələ fərqlənə bilməsə də…) kimi futbolçular var.
Amma argentinalıların Messisiz necə oynadığını bilmək üçün martda İspaniya (1:6) və ötən ilin noyabrında Nigeriya (2:4) ilə yoldaşlıq görüşlərinin nəticələrinə baxmaq kifayətdir.
2004-cü ildən bəri bir dəfə dünya çempionatında (DÇ-2014), 4 dəfə də Amerika kubokunda finalda uduzan Argentina millisi DÇ-2018-də ən yaşlı komandalardan biridir – orta yaşı 29,3.
Bu da mundialın gedişində 31 yaşı tamam olacaq Messinin əvvəlki 3 dünya çempionatındakı statistik göstəriciləri: 15 oyun və 5 qol…
Rusiya mundialında 32 komandadan 20-nin əvvəlki dünya çempionatında – Braziliya-2014-də iştirak etməsi diqqət çəkir. DÇ-2018 həmçinin Avropadan İslandiya, Mərkəzi Amerikadan Panamanın debütü ilə yadda qalacaq. Özü də İslandiya əhalisinin sayına görə (348 min 580 nəfər) dünya çempionatlarına qatılan ən kiçik ölkə olacaq.
Fransalı futbolçu Tyerri Anrinin məşhur sözləri var: “Mən ağılla deyil, ürəklə oynayıram. Mən düşünmürəm, hərəkət edirəm”. Bu sözlər İslandiya millisinə də tam aiddir. İslandlar keçirdikləri son 4 yoldaşlıq görüşünün 3-də uduzsalar da, Avro-2016 (1/4 final) göstərdi ki, onlardan hər sürprizi gözləmək olar.
Xorvatiya millisi də bu il keçirdiyi 3 yoldaşlıq görüşünün 2-də məğlub olub. 1998-ci ildə debüt etdiyi mundialda 3-cü yeri tutan xorvatlar bundan sonra iştirak etdikləri üç dünya çempionatında qrupdan çıxa bilməyiblər. Bu dəfə də onların 1/8 finala çıxması asan olmayacaq. Baxmayaraq ki, heyətlərində “Real” (Luka Modriç, Mateo Kovaçiç), “Barselona” (İvan Rakitiç), “Yuventus” (Mario Mandjukiç) kimi klubların futbolçuları var.
Nigeriya millisi bundan əvvəl qatıldığı 5 mundialdan üçündə 1/8 finala çıxsa da, komandanın son vaxtlardakı nəticələri ümidverici deyil. 2015 və 2017-ci illərin Afrika Millətlər kubokuna vəsiqə qazana bilməyən nigeriyalılar bu il keçirdikləri 6 yoxlama oyunundan 4-də məğlub olublar (o cümlədən “Atletiko”ya).
Rusiya mundialında ən gənc heyətə (orta yaş – 25,9) malik “Super qartallar”ın təcrübəli futbolçusu vaxtilə “Çelsi”də oynamış 31 yaşlı yarımmüdafiəçi Con Obi Mikel, komandanın əsas qol silahı isə SSKA-dakı (Moskva) çıxışı ilə tanınan hücumçu Əhməd Musadır. Bu həmin Musadır ki, Ramazan ayında vətənində borcuna görə həbs olunmuş 40 nəfərin borcunu ödəyərək onları azadlığa buraxdırıb.