“Heç bir ölkə Dağlıq Qarabağdakı kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq”. İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsində iftar məclisinə qatılan prezident İlham Əliyev belə deyib.
Novator.az-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, ölkədə bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır: “Azərbaycanda həm dövlət-din əlaqələri, həm dinlərarası əlaqələr nümunəvi xarakter daşıyır. Bu məsələlərlə bağlı Azərbaycan modeli dünyada bir çox yerlərdə öyrənilir. Bu, uğurlu inkişafımız üçün lazımdır. Bu, dövlət siyasətimizin təzahürüdür. Eyni zamanda cəmiyyətimizin vəziyyətini, cəmiyyətdə mövcud olan ab-havanı əks etdirir.
Azərbaycanda dinlərarası məsələlərlə bağlı çox ciddi düşünülmüş dövlət siyasəti aparılır və bu siyasət dəstəklənir. Azərbaycanda bu münasibətlərin tənzimlənməsi ölkəmizin uğurlu inkişafını təmin edir. Azərbaycanda mövcud olan milli həmrəylik, vətəndaş birliyi, sabitlik məhz bu münasibətlərin əsasında qurulub. Azərbaycan xalqı öz milli dəyərlərinə sadiqdir və Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Eyni zamanda Azərbaycan dünya miqyasında dinlərarası, millətlərarası münasibətlərin qurulmasında artıq nümunəvi ölkə kimi tanınır. Biz həm dünyaya Azərbaycandan çox ciddi və müsbət siqnal göndəririk, həm də ölkəmizin uğurlu inkişafı üçün bu münasibətlərin yüksək səviyyədə olması çox önəmlidir. Bizim amalımız birdir, bizim niyyətimiz birdir. Biz istəyirik ki, ölkəmiz daha da güclənsin, daha da sürətlə inkişaf etsin. İstəyirik ki, Azərbaycan xalqı daha yaxşı yaşasın, rifah, sülh, əmin-amanlıq şəraitində yaşasın. Nəinki bunu istəyirik, öz praktiki addımlarımızla bunu təmin edirik”.
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan prezident deyib ki, Dağlıq Qarabağ problemi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır: “Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq. Bir çox elmi əsərlər, kitablar nəşr edilib, bir çox tədbirlər keçirilib. Biz tarixi həqiqətləri çatdırmalıyıq və çatdırırıq. Dağlıq Qarabağın tarixən Azərbaycan xalqına məxsus olması artıq heç kimdə şübhə doğurmur. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Heç bir ölkə Dağlıq Qarabağdakı kriminal, qondarma rejimi tanımır və əminəm ki, tanımayacaq. Bu amillər – həm tarixi faktlar, həm beynəlxalq hüququn normaları, beynəlxalq təşkilatların qərar və qətnamələri nəinki bizim mövqeyimizi gücləndirir, eyni zamanda münaqişənin həli üçün əsas yaradır, hüquqi baza yaradır və biz yorulmaz fəaliyyət nəticəsində buna nail olmuşuq. Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.
Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən – BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir. Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib. O kriminal xunta rejimi ki, ancaq öz maraqlarını güdür, o rejim ki, onun yarıtmaz və cinayətkar fəaliyyəti nəticəsində Ermənistan bu acınacaqlı vəziyyətə düşüb. Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edib. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək.
Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacaq və münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcək və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcək. Beləliklə, məsələ öz həllini tapa bilər və Qafqaza sülh gələ bilər. Biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.