Avropa İnsan Hüquqları Məhkəməsi 2013-cü ildə Bakıda “Nida” Vətəndaş Hərəkatının fəalları kimi tutulmuş şəxslərdən 4 nəfərin işi üzrə qərarını açıqlayıb.
Söhbət Rəşad Həsənov, Rəşadət Axundov, Zaur Qurbanlı və Üzeyir Məmmədlidən gedir.
Həmin şəxslər daha bir neçə “Nida”çı ilə birgə 2013-cü ilin mart-aprel aylarında tutulmuş, əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7-8 il müddətlərinə azadlıqdan məhrum edilmişdilər.
7 il həbs cəzası almış Üzeyir Məmmədli və 8 il həbs cəzası almış Zaur Qurbanlı 2014-cü ilin dekabrında, 7 il 6 aylığa azadlıqdan məhrum edilmiş Rəşad Həsənovla 8 il həbs cəzası almış Rəşadət Axundov isə 2016-cı ilin martında dövlət başçısının imzaladığı əfv sərəncamları ilə azadlığa çıxıblar.
Avropa Məhkəməsinin 2018-ci il iyunun 7-də açıqladığı qərarda deyilir ki, “Nida”çıların işinə baxarkən Azərbaycan məhkəmələri onların hüquqlarını pozub. Məhkəmə bu işlərdə Avropa İnsan Hüquqları Konvensiyasının 5.1-ci (şəxsi azadlıq hüququ) və 18-ci (siyasi məqsədlərə görə hüquqların məhdudlaşdırılması) maddələrinin pozulduğunu tanıyıb.
Qərara əsasən, Azərbaycan hökuməti 4 nəfərin hər birinə mənəvi zərərə görə 20 min avro (ümumilikdə 80 min avro), məhkəmə məsrəflərinə görə isə ümumilikdə 16 min avro təzminat ödəməlidir.
Avropa Məhkəməsində Rəşad Həsənov və Üzeyir Məmmədlinin hüquqlarını vəkil Əsabəli Mustafayev, Rəşadət Axundovla Zaur Qurbanlının hüquqlarını isə Xalid Bağırov müdafiə edib.
2013-də tutulan “Nida”çılardan Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu da xeyli vaxtdır azadlığa buraxılıblar.
8 il müddətinə azadlıqdan məhrum edilmiş İlkin Rüstəmzadə isə hələ də həbsdədir.