Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı təqdimatını davam etdirir.
Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyada keçiriləcək.
32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.
C qrupu
Əfsanəvi Valeri Lobanovskinin məşhur fikri var: “Oyun unudulur, nəticə isə qalır”. Bu qrupda yer alan komandalar mundial ərəfəsində uğurlu nəticələr göstərsələr də, onlardan yalnız ikisi 1/8 finala çıxa biləcək.
Son 11 oyununda cəmi birində məğlubiyyət (martda yoldaşlıq görüşündə Kolumbiyaya 2:3) acısı yaşayan Fransa millisi DÇ-2018-in əsas favoritlərindən biridir. Fransızların istənilən müdafiəni yara biləcək orta və ön xətt oyunçuları var: “Barselona”ya keçməsi gündəmdə olan Antuan Qrizmann (“Atletiko”) və hazırda bu klubda oynayan Ousmane Dembele, “Çelsi”də çıxış edən Olivye Jiru və N’Qolo Kante, həmçinin Pol Poqba (“Mançester Yunayted”) və mundialın ən gənc oyunçularından 19 yaşlı Kilian Mbappe (PSJ).
İlk dəfə Skandinaviyanın 3 ölkəsinin dünya çempionatında təmsil olunması diqqət çəkir ki, onlardan da biri Danimarkadır (digərləri – İslandiya və İsveç). Yanvarda bu komanda ikinci heyətlə Birləşmiş Ərəb Əmirliklərindəki turnirdə iki məğlubiyyətlə üzləşsə də, əsas heyət 2016-cı ilin noyabrından bəri uduzmur: 14 oyunda 7 qələbə və 7 heç-heçə. Seçmə yarışda Polşaya 4:0, pley-offda isə səfərdə İrlandiyaya 5:1 hesabı ilə qalib gələn və əsas ulduzu “Tottenhem”li Kristian Eriksen olan Danimarka millisini də ciddiyə almaq lazımdır.
1982-ci ildən sonra ilk dəfə mundiala qatılan Peru komandası 2017-ci ildən başlayaraq məğlubiyyət nə olduğunu bilmir: ümumilikdə 14 oyunda 10 qələbə qazanıb, o cümlədən bu il keçirdiyi 4 yoldaşlıq görüşünün hamısında rəqiblərindən güclü olub (hətta Xorvatiya və İslandiyadan da).
Cənubi Amerika təmsilçisinin aparıcı simaları dopinq qalmaqalına görə mundialı buraxması gündəmdə olan, amma məhkəmənin oynamasına icazə verdiyi Paolo Gerrero və uzun müddət “Şalke”də çıxış etmiş, indi isə Moskva “Lokomotiv”inin formasını geyinən Cefferson Farfandır.
DÇ-2010-da Hollandiyanı finala çıxaran baş məşqçi Bert van Marveyk hazırda rəhbərlik etdiyi Avstraliya komandası ilə, şübhəsiz, bu uğurunu təkrarlaya bilməyəcək. Əvvəl çıxış etdiyi 4 mundialda yalnız bir dəfə 1/8 finala çıxan (DÇ-2006) avstraliyalıların həmin nailiyyəti belə təkrarlaya biləcəkləri inandırıcı görünmür. Düzdür, avstraliyalılar son Asiya çempionlarıdır (2015), həm də keçirdikləri son 8 oyunda cəmi bir dəfə məğlub olublar. Amma hazırkı heyətlə onlar, çətin ki, qrupdan çıxa bilsinlər (ən tanınmış oyunçuları klubsuz qalan 38 yaşlı hücumçu Tim Keyhilldir).