İspaniyanın sabiq baş naziri Mariano Rahoy iyunun 5-də Xalq Partiyasının sədri postundan istefaya verəcəyini açıqlayıb.
Mariano Rahoy iyunun 1-də parlamentin aşağı palatasının hökumətə etimadsızlıq göstərməsindən sonra baş nazir vəzifəsindən gedib. Hökumətin istefaya göndərilməsi Xalq Partiyasının adının korrupsiya qalmaqalında hallanması ilə bağlı olub. Parlament həmin gün Sosialist Partiyasının sədri Pedro Sançesi baş nazir seçib.
Novator.az-ın məlumatına görə, 5 iyun açıqlamasında Mariano Rahoy bildirib ki, bu mərhələnin final nöqtəsini qoymağın vaxtı çatıb: “Bu, Xalq Partiyası üçün də, İspaniya üçün də, mənim üçün də yaxşıdır”.
37 ildir Xalq Partiyasının üzvü olan, 2004-cü ildən quruma sədrlik edən sabiq baş nazir növbədənkənar qurultay çağırmağı və yeni lider seçməyi təklif edib: “Biz hökuməti itirdik və müxalifətə keçirik”.
1955-ci il təvəllüdlü Mariano Rahoy baş nazir postunu 2011-ci ildən tuturdu.
Səidə Hüseynova