Novator.az futbol icmalçısı Rasim Mövsümzadənin 2018-ci ilin dünya çempionatı ilə bağlı təqdimatını diqqətə çatdırır.
Çempionat iyunun 14-dən iyulun 15-dək Rusiyanın Moskva, Sankt-Peterburq, Kazan, Soçi, Nijni Novqorod, Samara, Volqoqrad, Yekaterinburq, Rostov, Kalininqrad və Saransk şəhərlərində keçiriləcək.
32 komanda 8 qrupa bölünüb. Növbəti raunda hər birində 4 komanda olan qruplarda ilk iki yeri tutanlar adlayacaq.
A qrupu
Dünya çempionatı ilk dəfə Uruqvayda keçirilən, ilk dəfə elə bu ölkənin komandasının çempionluğu ilə başa çatan yarışdır. İkiqat dünya çempionu adını daşıyan uruqvaylılar bu dəfə Rusiya mundialının favoritlərindən hesab olunmasalar da, A qrupunda liderliyə əsas namizəddirlər.
Qapısında Fernando Muslera, müdafiəsində Dieqo Qodin və Maksi Pereyra, hücumunda isə Luis Suares və Edinson Kavani kimi futbolçuların oynadığı komandadan başqa nə gözləyəsən ki?
Mundial ərəfəsində “Qalatasaray”lı qapıçının əlini zədələdiyi xəbəri yayılsa da, sonra bu zədənin ciddi olmadığı bilindi.
İlk dəfə mundialda 4 ərəb ölkəsi (Misir, Səudiyyə Ərəbistanı, Mərakeş və Tunis) təmsil olunacaq. Onların birinci ikisi A qrupunda yer alır.
1990-cı ildən sonra ilk dəfə dünya çempionatına qatılması Misir millisi üçün əsas motivasiyadır.
Heyətində bu il “Qızıl top”u qazanmağa əsas namizədlərdən olan Məhəmməd Salahın yer alması da komandaya əlavə üstünlük verir. Çempionlar Liqasının finalında çiyni zədələnən “Liverpul”lu hücumçunun mundialda iştirakı sual altında olsa da, onun Rusiyada meydana çıxacağı gözlənir.
Ümumiyyətlə, Salahla birlikdə Misir komandasının heyətində İngiltərədə çıxış edən 7 futbolçu var (“Arsenal”ın yarımmüdafiəçisi Məhəmməd Elneninin də adını çəkmək olar).
Millinin 45 yaşlı qapıçısı və kapitanı Essam Əl-Hadari isə kolumbiyalı qapıçı Fərid Mondraqonun nailiyyətini geridə qoymaqla mundiallar tarixinin ən yaşlı oyunçusu ola bilər.
Mayda yoldaşlıq görüşlərində Əlcəzair (2:0) və Yunanıstan (2:0) kimi komandalara qalib gəlsə də, Səudiyyə Ərəbistanı komandası bu qrupun autsayderi hesab olunur. Amma heyətində La Liqada çıxış edən üç futbolçunun olması ilə diqqət çəkir.
Debüt etdikləri 1994 mundialında da ciddiyə alınmayan ərəblər o vaxt 1/8 finala çıxa bilmişdilər. Yəqin ki, azarkeşlər səudiyyəli Said Əl-Ovayranın o vaxt Belçika ilə oyunda rəqibin bir neçə futbolçusunu keçərək vurduğu möhtəşəm qolu unutmayıblar.
Çox güman, Pelenin “Braziliya xokkey üzrə dünya çempionatının qalibi olanda Rusiya da futbolda dünya çempionluğunu qazanacaq” fikri bu dəfə də qüvvədə qalacaq.
Tanınmış rusiyalı idman jurnalisti İqor Rabiner mənə mundialın ölkələrində keçirilməsinin onlar üçün üstünlüklərindən danışarkən bunun sayəsində Rusiya millisinin DÇ-də oynamaq imkanının olduğunu, əks halda bunun mümkünsüzlüyünü demişdi.
Öz meydanında oynayasan və qrupdan çıxa bilməyəsən. Bu aqibəti 2010-cu il mundialında Cənubi Afrika millisi yaşayıb. Əsas ulduzu Çempionlar Liqasında ardıcıl 43 oyunda qapısından top buraxan İqor Akinfeyev olan, müdafiədə 38 yaşlı Sergey İqnaşeviçə güvənən Rusiya komandasının həmin uğursuzluğu təkrarlaması istisna olunmur.
Yeri gəlmişkən, rusların heyətində iki legioner var: ehtiyat qapıçı Vladimir Qabulov (“Brügge”) və yarımmüdafiəçi Denis Çerışev (“Vilyarreal”).
Rusiya komandasının heyətində “Spartak”ın Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovun da yer alması bizim üçün diqqətçəkən məqamlardandır…
Dünya çempionatının təqvimi