Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonası haqqında” qanunu imzalayıb və onun tətbiqinə fərman verib.
Novator.az bildirir ki, qanuna görə, ölkə prezidenti Azad Zona səlahiyyətli qurumuna Azad Zona ərazisindən birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ verir.
Səlahiyyətli qurum, Azad Zona inzibati müəssisələri, hüquqi şəxsləri və onların işçiləri, rezidentləri Azad Zonada fəaliyyətlərinə aid olan bütün vergilərdən azaddırlar.
Zonaya idxal edilən mallara, işlərə, xidmətlərə görə gömrük rüsumları və vergilər ödənmir.
Azad Zona səlahiyyətli qurumu ölkə prezidentinin müəyyən etdiyi təşkilati struktura uyğun idarə olunur. Səlahiyyətli qurumun idarə olunmasına, strateji məqsədlərinə çatmasına və fəaliyyətinə görə İdarə Heyəti məsuliyyət daşıyır. İdarə Heyətinə prezidentin təyin etdiyi sədr rəhbərlik edir. İdarə Heyəti birbaşa prezidentə hesabat verir.
Azad Zona səlahiyyətli qurumu maliyyə cəhətdən müstəqildir və öz büdcəsini təsdiq etmək hüququna malikdir. Dövlət Azad Zonanın, Azad Zona səlahiyyətli qurumunun və hər bir Azad Zona inzibati müəssisəsinin öz hüquq və vəzifələrini həyata keçirməsi üçün maliyyələşməsini təmin edir.
Səlahiyyətli qurum Azad Zonada miqrasiya ilə bağlı prosesləri tənzimləyən, o cümlədən viza növlərini və hər bir viza növü üçün tələb və qaydaları müəyyən edən daxili qaydalar formasında miqrasiya qaydaları qəbul edir.
Azad Zona səlahiyyətli qurumunun və ya Azad Zona inzibati müəssisəsinin işçiləri saxtakarlıq, kobud ehtiyatsızlıq və ya qəsdən pozuntu halları istisna olmaqla hər hansı hərəkətə və ya hərəkətsizliyə görə məsuliyyət daşımırlar.
Azad Zonada Azərbaycan dili ilə yanaşı işçi dil kimi ingilis dili, zərurət yarandıqda başqa dillər də işlədilə bilər. Sənədlərdən və ya rabitə vasitələrindən istifadə zamanı dil baxımından şərh uyğunsuzluğu yarandıqda tərəflərin razılaşmasında nəzərdə tutulan dildəki mətn üstünlük təşkil edir.
Qanun “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanununda Ələt azad iqtisadi zonasının fəaliyyəti ilə bağlı müvafiq hüquqi tənzimləmə təsbit edildikdən sonra qüvvəyə minir.