Qiyamın 25-i
- 04 İyun 2018
- comments
- Novator.az
- Posted in AktualManşetŞərh
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin devrilməsi ilə nəticələnən 4 iyun qiyamından 25 il ötür.
Novator.az bildirir ki, 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib.
1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.
Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. Həmin ayın 17-də vəzifəsinin icrasına başlayıb.
1993-cü il iyunun 4-ü Gəncədə Müdafiə Nazirliyinə tabe olmayan hərbi hissə siyasi hakimiyyətə qiyam qaldırıb. Sabiq korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi qiyam hakimiyyətin dəyişməsi ilə nəticələnib, iyunun 15-də Heydər Əliyev parlament sədri seçilib. İyunun 17-də Əbülfəz Elçibəy paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb, prezident səlahiyyətləri Heydər Əliyevə ötürülüb, avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib.
1997-ci ildə paytaxta dönən Elçibəy 2000-ci il avqustun 22-də ağır xəstəlikdən sonra Türkiyənin paytaxtı Ankarada vəfat edib, bir gün sonra Azərbaycan paytaxtında, Fəxri xiyabanda dəfn olunub.
Milli Məclisin Əbülfəz Elçibəyi prezident səlahiyyətindən məhrum edən 24 iyun 1993-cü il qərarında bunlar qeyd olunub: “Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəy 1993-cü il iyun ayının 17-dən 18-nə keçən gecə qəflətən, dövlət orqanlarının rəhbərlərinə xəbər vermədən Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndinə getmişdir.
Prezidentin mətbuat xidməti tərəfindən yayılmış sonrakı rəsmi məlumata görə, “Prezident Əbülfəz Elçibəy iyun ayının 17-dən 18-nə keçən gecə Bakı şəhərində gözlənilən qırğının qarşısını almaq və öz təhlükəsizliyini təmin etmək üçün vəzifəsinin icrasını heç kimə həvalə etmədən Bakının Binə aeroportundan Naxçıvana uçmuşdur”.
Həmin gündən Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Kələki kəndində qalan Əbülfəz Elçibəy Azərbaycan dövlətinin başçısı kimi fəaliyyətini həlledici dərəcədə məhdudlaşdırmış, respublikanın dövlət idarəetmə orqanları ilə faktiki olaraq əlaqəsini itirmiş və ali icra hakimiyyəti funksiyalarının yerinə yetirilməsindən özünü kənarlaşdırmışdır. Bu səbəbdən o, Azərbaycan Respublikasının prezidenti vəzifələrini daha icra edə bilmir.
Bu müddət ərzində respublikanın başqa bölgələri, o cümlədən Bakı ilə bütün əlaqələrini yalnız son dərəcə qeyri-sabit işləyən ümumi telefon rabitəsi vasitəsi ilə quraraq Azərbaycan Respublikasının prezidenti obyektiv məlumatların alınmasından, ölkədəki gərgin ictimai-siyasi və hərbi vəziyyətə düzgün qiymət verilməsindən, baş verən hadisələrə təsir göstərə bilən təxirəsalınmaz qərarların qəbul edilməsindən özünü məhrum etmiş və beləliklə də hadisələrin inkişafına nəzarət etmək imkanını itirmişdir. Bununla da Əbülfəz Elçibəy Azərbaycan Respublikasının Konstitusiyası ilə onun üzərinə qoyulmuş Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, Azərbaycan Respublikası qanunlarına əməl olunmasının təminatçısı kimi öz vəzifəsini yerinə yetirə bilmir.
Azərbaycan ərazisində müharibə getdiyi dövrdə respublikanın suverenliyinin qorunmasının, onun müdafiəsinin, dövlət təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin edilməsinə məsuliyyət daşıyan respublika prezidentinin Ermənistanın işğalçı qoşunları ilə döyüşən hərbi hissələrlə ümumiyyətlə əlaqəsi yoxdur. Belə vəziyyətdə Əbülfəz Elçibəyin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali baş komandanı kimi üzərinə düşən vəzifələri yerinə yetirməsi, o cümlədən strateji əhəmiyyətli əməliyyat planlarını təsdiq etməsi, bilavasitə onun tabeliyində olan müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirliklərinin silahlı qüvvələrini əlaqələndirməsi qeyri-mümkün olmuşdur. Xüsusi rabitə vasitələrinin olmaması üzündən dövlət və hərbi sirlərin açılması üçün real təhlükə yaranmışdır.
Hadisələrin bu səmtdəki inkişafı, habelə mövcud şəraitdə respublika həyatının mühüm sahələrini – müdafiəni, təhlükəsizliyi, daxili hüquq qaydasını təmin edən dövlət idarəetmə orqanları rəhbərlərinin olmaması Azərbaycan dövlətçiliyini təhlükə qarşısında qoyur, dövlət hakimiyyət qurumlarının və idarəetmə sisteminin dağılmasına gətirib çıxarır. Respublikamızın müxtəlif bölgələrində yaranmış hakimiyyət boşluğu nəticəsində müxtəlif cinayətkar qruplar fəallaşaraq ağır cinayətlər, xüsusilə də qətllər, qarətlər, ictimai təhlükəsi yüksək olan başqa əməllər törətməkdədirlər. Vəziyyətin bu cür kəskinləşməsi Azərbaycanın fəlakətinə, dövlətçiliyimizin süqutuna səbəb ola bilər.
Yaranmış vəziyyət respublikadakı durumun sabitləşdirilməsinə, gərginliyin aradan qaldırılmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, qanunçuluğun bərpasına, bütün qüvvələrin xarici təcavüzə qarşı səfərbər edilməsinə yönəldilmiş qəti və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.
Belə şəraitdə Azərbaycan Respublikasının Milli Məclisi 21 iyun 1993-cü il qərarı ilə Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyə Bakı şəhərinə təcili olaraq qayıtması barədə müraciət etmişdir. Lakin Əbülfəz Elçibəy bu müraciətə əhəmiyyət verməyərək paytaxta qayıtmamış və heç bir təsirli tədbir görməmişdir. Bununla Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti vəzifələrini icra etməsini qeyri-mümkün etmişdir”.
25 il əvvəl devrilmiş hakimiyyət komandasında Əbülfəz Elçibəydən başqa bu şəxslər yer alırdı: İsa Qəmbər, parlament sədri; Pənah Hüseyn, baş nazir; Əli Kərimli, dövlət katibi; Əli Məsimli, baş nazirin birinci müavini; Əsgər Məmmədov, baş nazirin müavini; Kamil Vəli Nərimanoğlu, baş nazirin müavini; Tahir Kərimli, Ali Məhkəmənin sədri; İxtiyar Şirin, baş prokuror; Tofiq Qasımov, xarici işlər naziri; Abdulla Allahverdiyev, daxili işlər naziri; Fəxrəddin Təhməzov, milli təhlükəsizlik naziri; Dadaş Rzayev, müdafiə naziri; Saleh Məmmədov, maliyyə naziri; İsa Bağırov, Baş Dövlət Vergi Müfəttişliyinin rəisi; Cavanşir Abdullayev, Milli Bankın sədri; Rauf Qarayev, xarici iqtisadi əlaqələr naziri; Tofiq Hüseynov, kənd təsərrüfatı naziri; Firudin Cəlilov, ali təhsil naziri; Tofiq Hacıyev, maarif naziri; Rəhim Hüseynov, səhiyyə naziri; İbrahim Vəliyev, Dövlət Gömrük Komitəsinin sədri; Məmməd İsmayıl, Dövlət Teleradio Komitəsinin sədri; Vurğun Əyyub, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri…
Qarabağ müharibəsində Azərbaycanın itkilərinin bir qismi 4 iyun qiyamından sonraya təsadüf edir. İyunun sonu, iyulun əvvəli ermənilər Ağdərəni, iyulun 23-də Ağdamı, avqustun 23-də Füzuli və Cəbrayılı, avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndlərini, ayın 31-də Qubadlını, oktyabrın 29-da Zəngilanı ələ keçirib.