İyunun 4-də Ali Məhkəmədə “Azadlıq” radiosunun Azadliq.org saytına və “Azadlıq” qəzetinin Azadliq.info saytına girişin məhdudlaşdırılması barədə qərardan verilmiş şikayətlərə baxılıb.
Sözügedən qərar 2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsində çıxarılıb. Qərarla “Turan TV”nin Azerbaycansaati.com saytına, “Meydan TV” internet televiziyasının Meydan.tv saytına girişə, eyni zamanda “Azərbaycan saatı” televiziya proqramının yayımına da məhdudiyyət qoyulub.
Dekabrın 19-da Bakı Apellyasiya Məhkəməsi “Azadlıq” radiosunun və “Azadlıq” qəzetinin qərardan verdikləri şikayətləri təmin etməyib.
Radio və qəzet nümayəndələrinin kassasiya şikayətləri də təmin olunmayıb. Azadliq.org xəbər verir ki, Ali Məhkəmədə Mehparə Əhmədovanın sədrlik etdiyi hakimlər kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 2017-ci il dekabrın 19-da çıxardığı qərarı qüvvədə saxlayıb.
Azadliq.info bildirir ki, saytı bloklanmış qurumlardan “Meydan TV” internet televiziyasının şikayəti hələ apellyasiya instansiyasındadır.
“Turan TV” və “Azərbaycan saatı”nın isə müxtəlif bürokratik əngəllərə görə Səbail məhkəməsinin qərarından şikayət verə bilmədiyi vurğulanır.
Novator.az xatırladır ki, Səbail məhkəməsi saytları Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bloklayıb. Nazirlik məhkəməyə Baş Prokurorluğun müraciətindən sonra üz tutub. Prokurorluq nazirliyə müraciət edərək saytlarla bağlı tədbir görülməsini istəyib. Müraciətə həmin saytlarda yayımlanan yazılar da əlavə olunub. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi saytların bloklanması haqda qərar qəbul edib. Bunun məhkəmə yolu ilə rəsmiləşməsi Elektron Təhlükəsizlik Mərkəzinə həvalə olunub.
2017-ci il martın 17-də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliklər təsdiqlənib. Yeniliyə görə, internet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Belə hal olduqda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması üçün məhkəməyə müraciət edir.