Mayın 31-də prezident İlham Əliyev müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini Ramazan ayı münasibətilə qəbul edib. AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı görüşdə deyib ki, Azərbaycanın müsəlman ölkələri ilə çox sıx dostluq əlaqələri var: “Mənim ölkələrinizə səfərlərim, sizin ölkələrinizin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri bunun əyani sübutudur. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Xüsusilə BMT-dəki əməkdaşlığı qeyd etmək istərdim. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız çox uğurludur. Biz digər beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik, bir-birimizi daim dəstəkləyirik.
Bizim dost ölkələrimiz, müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Bu dəstəyə görə mən sizə minnətdaram. Bütün aparıcı beynəlxalq təşkilatlar bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən qərar və qətnamələr qəbul ediblər. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ECO və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər. Bu qərar və qətnamələr münaqişənin həlli üçün hüquqi zəmin yaradır. Bu qərar və qətnamələrin qəbul edilməsində həmin təşkilatlardakı müsəlman ölkələri iştirak edirlər, münaqişənin həllinə dəstək verirlər.
Uzun illərdir ki, Azərbaycanın tarixi, əzəli torpaqları erməni işğalı altındadır. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı doğma torpaqda qaçqın-köçkün vəziyyətinə düşüb. Bizim şəhərlərimiz, kəndlərimiz dağıdılıb. Muzeylərimiz talan edilib. Tarixi, dini abidələrimiz, məscidlərimiz dağıdılıb. Bu, misli görünməmiş vandallıqdır. Xalqımıza qarşı ermənilər Xocalı soyqırımı törədiblər. Ondan çox ölkə bu soyqırımını rəsmi qaydada qəbul edib.
Münaqişənin tezliklə həlli bölgəyə sabitlik, sülh gətirəcək. Bunun üçün ilk növbədə Ermənistan öz işğalçı qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarmalıdır və dünyanın ən ali qurumu olan BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməlidir. Bu məsələ ilə bağlı ədalətli mövqeyinizə görə ölkələrinizə və sizə bir daha minnətdaram.
Azərbaycan da öz növbəsində beynəlxalq təşkilatlarda bütün müsəlman ölkələrinin maraqlarını dəstəkləyən qərar və qətnamələrə dəstək verir, onların bir çoxunun təşəbbüskarıdır. İslam Əməkdaşlıq Təşkilatı haqlı olaraq Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirir. Dəfələrlə bəyan edib ki, Azərbaycan islam həmrəyliyi məsələlərində çox önəmli rol oynayır. Bizim üçün islam həmrəyliyini möhkəmləndirmək xarici siyasətimizin əsas prioritet məsələlərindən biridir”.