İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ixrac göstəriciləri yayıb. İcmalda göstərilir ki, 2018-ci ilin yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 485,3 milyon ABŞ dolları təşkil edib: “2017-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 19,3 faiz artıb. Dörd ayda Rusiyaya 135,4 milyon, Türkiyəyə 127,2 milyon, Gürcüstana 52,5 milyon, İsveçrəyə 39,6 milyon, Çinə 16 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 4 ay ərzində ixrac olunan qeyri-neft sektoruna aid malların siyahısında ilk üç yeri elektrik enerjisi (47,3 milyon ABŞ dolları), tomat (42,5 milyon ABŞ dolları) və xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (35 milyon ABŞ dolları) tutub.
Yanvar-aprel ayları ərzində meyvə-tərəvəz ixracı 111,1 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 45,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 44,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 22,3 milyon, kimya sənayesi məhsullarının ixracı 18,4 milyon ABŞ dolları olub.
Elektrik enerjisinin ixracı 2,9 dəfə, pambıq ipliyi ixracı 37,4 faiz, kimya sənayesi məhsullarının ixracı 27,4 faiz, meyvə-tərəvəzin ixracı 27,3 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 15,6 faiz, çayın ixracı 12,2 faiz, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 3,3 faiz artıb”.