Parlamentin 31 may iclasında “Torpaq icarəsi haqqında” qanuna dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinin xüsusiyyətləri barədə maddə əlavə olunub. Novator.az bildirir ki, yeniliyə görə, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ərizə ilə müraciət edir. Ərizədə torpaq sahəsindən istifadənin məqsədi və müddəti göstərilir, ona bu sənədlər əlavə edilir: ərizəçi fiziki şəxs olduqda şəxsiyyət vəsiqəsinin surəti; ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti; ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada torpaq sahəsindən istifadənin iqtisadi əsaslandırılması; torpaq sahəsi qanuni istifadədə olduqda torpaq istifadəçisinin razılığını təsdiq edən sənəd.
Ərizəyə və ona əlavə olunmuş sənədlərə 10 gün müddətində baxılır. Torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğun hesab edilmədikdə və ya ərizədə və ona əlavə edilmiş sənədlərdə icarə müqaviləsinin bağlanmasından imtinaya səbəb olan çatışmazlıqlar aşkar edildikdə torpaq sahəsinin icarəyə verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul olunur.
Torpaq sahəsinin icarəyə verilməsi məqsədəuyğun sayıldıqda bu barədə rəy hazırlanır, icarə müqaviləsini bağlamağa razılıq alınması üçün 2 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.
Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və torpaq sahəsinin icarəyə verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə ərizənin qeydiyyata alındığı tarixdən 3 gündən gec olmayaraq onların aradan qaldırılması barədə məlumat ərizəçiyə təqdim edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq alınması üçün təqdim olunan müraciətə və ona əlavə olunan sənədlərə dövlət torpaq kadastrının məlumatları əsasında 15 gün müddətində baxaraq dövlət torpağının icarəyə verilməsinə razılıq verir və ya həmin müraciət və əlavə olunan sənədlər kadastr məlumatları ilə uyğunsuzluq təşkil etdikdə dövlət torpağının icarəyə verilməsinə razılıq vermir.
Razılıq almaq üçün təqdim olunan müraciətə 30 gün müddətində münasibət bildirilmədikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) razılıq verilməsi prezumpsiyasından çıxış edir.