Dövlət Miqrasiya Xidməti əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində daimi yaşaması qaydaları barədə bilgi yayıb. Novator.az bildirir ki, arayışa görə, azı 2 il Azərbaycan ərazisində müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu əsaslarla daimi yaşamaq icazəsi almaq üçün vəsatət verə bilərlər:
– Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olma;
– ölkə iqtisadiyyatına azı 500 000 manat məbləğində investisiya qoyma;
– Azərbaycan ərazisində azı 100 000 manat dəyərində daşınmaz əmlakın və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğdə pul vəsaitinin olması;
– iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olma;
– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan vətəndaşlarının və ya Azərbaycanda təsis edilmiş hüquqi şəxslərin dəvət etdiyi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssis olma;
– Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olması;
– xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini vəzifəsini tutma;
– Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərindən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutma;
– Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olma.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər müvəqqəti yaşamaq icazəsinin müddətinin bitməsinə ən azı 3 ay qalmış daimi yaşamaq icazə alınması üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir.
Vəsatətə 2 ay müddətində baxılır.
Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə 5 il müddətinə verilir. Bu müddətin bitməsinə azı 3 ay qalmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətinə əsasən daimi yaşamaq üçün verilmiş icazə yenidən 5 il müddətinə uzadıla bilər. Uzadılmaların sayı məhdudlaşdırılmır.