Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mayın 29-u Bakıda rəsmi açılışı keçirilən Cənub Qaz Dəhlizinin əhəmiyyəti ilə bağlı qeydlərini açıqlayıb. O yazır ki, Azərbaycanın neft ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı məsələlər həll edildikdən və 2006-cı ildə Bakı Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildikdən sonra böyük Azərbaycan qazının Avropaya nəqli ciddi müzakirə mövzusuna çevrilib: “2007-ci il iyulun 3-də Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” yatağından hasil edilən təbii yanacaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə Türkiyənin qaz kəmərləri sisteminə daxil olub. “Nabukko” da daxil olmaqla təklif edilən müxtəlif variantlar ətrafında aparılan çoxsaylı müzakirələr nəticə vermədiyinə görə Azərbaycan yeni Cənub Qaz Dəhlizi ideyasını irəli sürüb.
2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən birgə bəyanat – strateji enerji əməkdaşlığına dair memorandum imzalayıb və bununla da Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması ilə bağlı tarixi addım atılıb.
2012-ci il iyunun 26-da Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu təbii qaz boru kəməri sisteminə dair saziş imzalanıb və hər iki dövlətin qanunverici orqanları həmin sazişi ratifikasiya edib.
2013-cü il iyunun 30-da TAP layihəsi üzrə beynəlxalq saziş imzalanıb. TAP və “Şahdəniz” konsorsiumlarının imzaladığı sazişlə ilk dəfə olaraq Azərbaycan qazı Avropa bazarına birbaşa çıxış əldə edib.
2015-ci ildə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının birinci iclası, sonrakı illərdə isə daha üç toplantı keçirilib və layihənin reallaşdırılması ilə bağlı mühüm qərarlar qəbul olunub.
Beləliklə, Azərbaycanın liderliyi və beynəlxalq tərəfdaşları ilə birgə səyləri nəticəsində Cənub Qaz Dəhlizinin 4 komponenti – “Şahdəniz-2”, Azərbaycandan başlayaraq Gürcüstan-Türkiyə sərhədinə kimi uzanan Cənubi Qafqaz Boru Kəməri, Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la bağlı prinsipial razılaşmalar əldə olunub və layihənin gerçəkləşdirilməsinə başlanıb.
Cənub Qaz Dəhlizinin uzunluğu 3,5 min kilometrdir. Kəmər 1,2 trilyon kubmetr ehtiyata malik “Şahdəniz” yatağından qazın hasilatını və Avropa bazarına ötürülməsini təmin edəcək. Layihə 40 milyard dollar həcmində dəyərləndirilir.
İyunun 12-də TANAP-ın rəsmi açılışından sonra Türkiyə bazarına 6 milyard kubmetr qaz ötürüləcək, 2020-ci ildə isə daha 20 milyard kubmetr qaz Avropaya nəql ediləcək. 2026-cı ilə kimi kəmərin ötürmə qabiliyyətinin 31 milyard kubmetrədək artırılması mümkündür. Növbəti mərhələdə Türkmənistan, İran və İraq qazının bu kəmər vasitəsilə dünya bazarına çıxarılması məsələsi nəzərdən keçirilə bilər.
Məhz prezident İlham Əliyevin qətiyyəti, milli maraqlara əsaslanan düşünülmüş və prinsipial siyasəti Cənub Qaz Dəhlizinin həyata keçirilməsini təmin edib”.
Əli Həsənov qeyd edir ki, Cənub Qaz Dəhlizi qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm amil olacaq, Azərbaycanın təkcə enerji ixrac edən ölkə kimi deyil, həm də onu nəql edən və tranzit ölkə kimi əhəmiyyəti artacaq.