Respublikaçı Alternativ Partiyası (REAL Partiya) Məclisinin üzvü Elmin Həmzə həbs olunub. Bunu Azadliq.org-a partiya təmsilçilərindən Natiq Cəfərli deyib.
Onun bildirdiyinə görə, mayın 30-da Nəsimi Rayon Məhkəməsi Elmin Həmzəyə 25 sutka inzibati həbs cəzası verib. Elmin Həmzə polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.
REAL Partiya Məclisinin digər üzvü Azər Qasımlı eyni ittihamla mayın 29-dan həbsdədir. O, 30 sutka müddətinə inzibati həbs cəzası alıb.
Partiya fəalları rəsmi ittihamı qəbul etmirlər. Onların fikrincə, bu həbslər mayın 28-də paytaxtda keçirilmiş yürüşə görədir.
Mayın 28-də REAL Partiyanın fəalları Respublika Günü münasibətilə paytaxtın mərkəzində yürüş keçiriblər. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək yürüşün sonadək davam etməsinə imkan verməyib.
Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə həbsdə olan İlqar Məmmədov seçilib.
İlqar Məmmədov yarandığı vaxtdan – 2008-ci ildən REAL Hərəkatına rəhbərlik edib. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.