Respublikaçı Alternativ Partiyasının (REAL Partiya) üzvü Nəriman Mücahid İsmayıl 30 sutka inzibati həbs cəzasına məhkum edilib. Qərar mayın 30-u Nizami Rayon Məhkəməsində çıxarılıb. Nəriman Mücahid İsmayıl polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinib.
Xəbəri Azadliq.org REAL Partiyanın üzvü Natiq Cəfərliyə istinadla yayıb.
Eyni ittihamla REAL Partiyanın Məclis üzvləri Azər Qasımlı və Elmin Həmzə də həbs olunublar. Azər Qasımlıya 30, Elmin Mirzəyə 25 sutka həbs verilib. Azər Qasımlı barəsində qərar mayın 29-da, Elmin Mirzə ilə bağlı qərar ayın 30-da çıxarılıb.
REAL Partiyanın fəalları rəsmi ittihamları qəbul etmirlər. Onların fikrincə, bu həbslər mayın 28-də paytaxtda keçirilmiş yürüşə görədir.
Mayın 28-də REAL Partiyanın fəalları Respublika Günü münasibətilə paytaxtın mərkəzində yürüş keçiriblər. Polis aksiyanın şəhər rəhbərliyi ilə razılaşdırılmadığını bildirərək yürüşün sonadək davam etməsinə imkan verməyib.
Respublikaçı Alternativ Partiyası eyni adlı ictimai-siyasi hərəkatın bazasında 2018-ci ilin aprelində təsis olunub. Təsis qurultayında partiyanın sədri vəzifəsinə həbsdə olan İlqar Məmmədov seçilib.
İlqar Məmmədov yarandığı vaxtdan – 2008-ci ildən REAL Hərəkatına rəhbərlik edib. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.