İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə namizədlərin siyahısı açıqlanıb.
Novator.az xəbər verir ki, Milli Televiziya və Radio Şurasının açıqladığı siyahıya əsasən, baş direktor postuna 7 nəfər iddia edir. Onlardan biri hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsini icra edən Balakişi Qasımovdur.
Balakişi Qasımov şirkətdə baş direktor müavini vəzifəsində çalışır.
Digər namizədlər bunlardır: Rauf Abbasov (Gəncə Regional Fövqəladə Hallar və Mülki Müdafiə Şöbəsinin rəis müavini), Səbuhi Abbasov (7news.az saytının baş redaktoru), Şəfəq Mehrəliyeva (ADA Universitetinin aparat rəhbəri), Rahilə Mehtiyeva (“Elit” informasiya agentliyinin baş direktoru), Qərənfil Xəlilova (hazırda işsizdir), Sadıq Qarayev (AMEA Mərkəzi Nəbatat Bağının elmi işçisi).
Bu il mayın 11-də İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib. Rəsmi məlumata görə, Cəmil Quliyev səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar vəzifədən gedib.
Şuranın iclasında Balakişi Qasımovun baş direktoru seçildiyi elan olunub. Sonra bu xəbər təkzib edilib.
Mayın 15-də Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki üçün müsabiqə elan edib. Müsabiqədə iştirak tələblərinə görə, namizəd Azərbaycan Respublikasının vətəndaşı və ali təhsilli olmalıdır. Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər.
Namizədlər Milli Televiziya və Radio Şurasına bu sənədləri təqdim ediblər: ərizə; şəxsiyyət vəsiqəsinin surəti; əmək kitabçasının surəti; tərcümeyi-hal; kadrların şəxsi uçot vərəqi; ali təhsil haqqında dövlət sənədi.
Namizədlərin sənədlərinin qəbulu prosesi mayın 30-da başa çatıb.
Həmin gün Milli Televiziya və Radio Şurası namizədlərin sənədlərini İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına təqdim edib.