Türkiyənin “Remres” araşdırma şirkəti iyunun 24-də keçiriləcək prezident və parlament seçkisi ilə bağlı sorğusunun nəticələrini açıqlayıb.
Prezidentlik uğrunda 6 nəfər yarışır. Novator.az-ın məlumatına görə, “Remres”in mayın 29-da açıqlanan rəy sorğusunda hakim Ədalət və İnkişaf Partiyasının sədri, dövlət başçısı Rəcəb Teyyub Ərdoğan önə çıxıb: 36,2%.
Müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi, Böyük Millət Məclisinin deputatı Məhərrəm İncəyə respondentlərin 21,3%-i dəstək verib.
Yaxşı Partiyanın lideri Maral Akşener rəy sorğusunda 14,9%, Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaş (hazırda həbsdədir) 9,9% nəticə göstərib.
Səadət Partiyasının lideri Təməl Qaramollaoğluna sorğu iştirakçılarının 3,5%-i, Vətən Partiyasının lideri Doğu Perinçekə 0,2%-i səs vermək niyyətində olduğunu bildirib.
Parlament seçkisinə 2 blok və 4 siyasi partiya qatılır. Xalq ittifaqında Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası birləşib. Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya və Səadət Partiyası təmsil olunur. Vətən Partiyası, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası və Müstəqil Türkiyə Partiyası seçkiyə ayrı-ayrılıqda qoşulub.
“Remres” araşdırma mərkəzinin sorğusuna görə, respondentlərin 37,8%-i Xalq ittifaqına, 37,7%-i Millət ittifaqına, 9,9%-i Xalqların Demokratik Partiyasına, 0,3%-i digər partiyalara dəstək nümayiş etdirib.
Ədalət və İnkişaf Partiyası 2002-ci ildən təkbaşına hakimiyyətdədir. Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub, 2014-cü ildən prezidentdir.
İndi Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur.
Yeni parlament 600 deputatdan ibarət olacaq. Prezident isə hökuməti parlamentin müdaxiləsi olmadan formalaşdıracaq.