“Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır”. Mayın 26-sı ADA Universitetində məzun gününə qatılan prezident İlham Əliyev belə deyib. Ölkənin xarici siyasəti ilə bağlı fikirlərini bölüşən dövlət başçısı qeyd edib ki, Azərbaycanın xarici siyasəti prinsipial siyasətdir və müstəqil siyasətdir: “Buna görə biz beynəlxalq aləmdə böyük nüfuza malikik və bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli dövlət kimi tanınır. Bizimlə hesablaşırlar, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin saylı getdikcə artır və bütün beynəlxalq arenalarda Azərbaycan öz milli maraqlarını müdafiə edir. Xarici siyasətimiz daxili siyasətimizin davamıdır və ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına və iqtisadi maraqlarımızın təmin edilməsi istiqamətinə hesablanan xarici siyasətdir.
Müstəqil siyasət aparmaq xüsusilə bizim bölgəmizdə və indiki şəraitdə o qədər də asan məsələ deyil. Ancaq bizim mövqeyimiz həmişə ondan ibarət olub ki, biz müstəqil siyasətimizlə xalqımızın maraqlarını təmin etməliyik. Azərbaycan xalqının maraqları bizim üçün hər şeydən üstündür.
Xarici siyasətimizin əsas məsələsi Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz prinsipial mövqeyimizdən bir addım geri dönmürük və dönməyəcəyik. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır, bizim tarixi torpağımızdır. Beynəlxalq hüququn normaları da bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi təsdiqləyir və bu məsələ ilə bağlı mötəbər beynəlxalq təşkilatların bir çox qərar və qətnamələri var. Onların arasında BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və digər mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri bizim mövqeyimizi daha da gücləndirir və münaqişənin həlli üçün hüquqi əsaslar yaradır. Son vaxtlar Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ECO və digər təşkilatlar məsələ ilə bağlı qərarlar qəbul edib. Bu məsələ ancaq və ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın beynəlxalq birlikdə tanınan ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməlidir, BMT Təhlükəsizlik Şurasının qətnamələri qeyd-şərtsiz və dərhal icra olunmalıdır.
Biz bu məsələ ilə bağlı bundan sonra da prinsipial siyasət aparacağıq. Ancaq bunu da yaxşı bilirik ki, bugünkü dünyada beynəlxalq hüquq heç də hər zaman işləmir. Son vaxtlar ümumiyyətlə işləmir. Bu, reallıqdır. Biz real dünyada yaşayırıq və öz siyasətimizi dünyada mövcud olan real vəziyyətə uyğunlaşdırmalıyıq. Ona görə biz bundan sonra da həm iqtisadi sahədə, həm ordu quruculuğu sahəsində və digər sahələrdə öz gücümüzü artıraraq münaqişənin həllini yaxınlaşdırmalıyıq”.