1992-1993-cü illərdə, Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmovun nədə ittiham olunduğu bilinib.
Saleh Rüstəmov 1997-ci ildən Rusiyada yaşayır, həmin ölkənin vətəndaşıdır, orada bizneslə məşğul olur. Bu ilin mayında Saleh Rüstəmov qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib. Mayın 8-də Rusiyaya qayıtmaq üçün Bakıya gəlmək istəyən Saleh Rüstəmov Şəmkir yaxınlığındakı postda saxlanıb, Bakıya gətirilib. Satış məqsədi ilə külli miqdarda qanunsuz narkotik vasitə saxlamaqda ittiham olunan Saleh Rüstəmov Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Həmin gün Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla tutulub. Hər iki şəxs Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi mayın 26-da birgə məlumat yayıb. Qeyd olunur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin, qurumun üzvləri Qənimət Zahid, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənovun, Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanovun və başqalarının qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş çirkli pul vəsaitlərinin leqallaşdırılması əməlləri törətmələrinə dair sübutlar toplanıb: “Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmov çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparıb.
Saleh Rüstəmov biznes strukturlarında çalışan Azərbaycan vətəndaşlarından hər ay toplayaraq Moskvada kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin martından Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. Vidadi Rüstəmlinin həmin vəsaitləri qəbul edib Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların isə AXCP-nin funksionerlərinə vermələri ilə ümumilikdə 412 min ABŞ dollarını AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə, beləliklə də cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub”.
Məlumata görə, iş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov AXCP-nin fəaliyyət və tədbirlərinin maliyyələşdirilməsi üçün Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimliyə və digər şəxslərə verdiklərini bildiriblər.
Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci və 193-1.3.2-ci (mütəşəkkil dəstənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırması) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində həbs ediliblər. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan olunub.
Novator.az bildirir ki, mayın 26-da açıqlama yayan AXCP sədri Əli Kərimli Saleh Rüstəmovla dost, məsləkdaş olduğunu bəyan edib: “Düzdür, uzun illərdir görüşmürük, ancaq biz dostuq. Saleh bəy uzun illərdir Rusiyada kiçik bizneslə məşğuldur. Ötən bir neçə ilin ərzində mənə yardım məqsədilə bir neçə dəfə (dəqiq xatırlamıram, 5-7 dəfə ola bilər) pul göndərib. Bəzən 500 dollar, bəzən 1000 dollar olmaqla. Pul təmənnasız verildiyindən dəqiq hesabatını aparmamışam. Ancaq təqribən 5 min dollar yardımdan söhbət gedə bilər. Xəbərdə yaydıqları 412 min dollar ağ yalandır, söhbət bu məbləğin haradasa yüzdə birindən gedir”.
Əli Kərimli Saleh Rüstəmovun göndərdiyi pulların siyasi məhbus ailələrinə dəstək üçün xərcləndiyini vurğiulayıb: “İlham Əliyev nə istəyirdi? Əli Kərimli siyasi məhbuslara kömək edə, vəkil tuta bilməməli idi? Şərləyib həbs etdiyiniz Aqil Məhərrəmov, Babək Həsənov, Ruslan Nəsirov heç bir cinayət törətməyib. Heç inzibati hüquqpozma da törətməyiblər. Bu nə zehniyyətdir? Bir dostum mənə pul göndərib, partiya üzvü olan başqa bir dostum həmin pulu götürüb mənə çatdırıb. Hanı burda cinayət hadisəsi? O adamların hər biri kasıblıq həddində yaşayan insanlardır. Onlar hansı qanunsuz sahibkarlığı, hansı qazancı ediblər?”
1965-ci il təvəllüdlü Əli Kərimli Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. AXC hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi olub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini postunu tutan, 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilən Əli Kərimli 2000-ci ildən AXCP-yə rəhbərlik edir. 2013-cü ildə yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının liderlərindən biridir.