Mayın 26-da ov mövsümünə start verilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyində mayın 25-də keçirilən mətbuat konfransında ov qaydaları, ov yerləri açıqlanıb. AZƏRTAC xəbər verir ki, nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə ov mövsümünün gələn il martın 16-dək davam edəcəyini bildirib. İlk olaraq cütdırnaqlılardan Dağıstan turunun ovuna icazə veriləcək. Onun ovlanması oktyabrın 13-dək mümkün olacaq.
Hikmət Əlizadənin sözlərinə görə, Azərbaycanda 12 ovçuluq təsərrüfatı 215 min hektar ərazini əhatə edir: “Yalnız ovçuluq bileti olan şəxslərə heyvanların ovlanmasına icazə verilir. Ovçuluq bileti almaq üçün test imtahanından uğurla keçmək lazımdır. İmtahanda iştirak edənlərin silahla davranmaq qaydası, Azərbaycan qanunvericiliyi, fauna növləri haqqında bilikləri yoxlanır”.
APA bildirir ki, direktor müavini Ağdam, Göygöl, Goranboy, Daşkəsən, Gədəbəy, Tərtər rayonlarında, sərhədyanı rayonların ərazilərində, Xəzər dənizinin adalarında, yaşıl zonalarda, şəhərlərin və kurortların ətrafında yerləşən ən azı 1,5 kilometrə qədər sahələrdə, xüsusi mühafizə olunan ərazilərin daxilində və sanitar-mühafizə zonalarında ovun qadağan edildiyini açıqlayıb.
Hikmət Əlizadə deyib ki, Naxçıvanda ov fəaliyyəti qadağan edilib və bunun müsbət tərəfləri özünü göstərməkdədir: “Biz gələcəkdə Azərbaycan ərazisində ov fəaliyyətinin məhdudlaşdırılmasında maraqlıyıq. Lakin biz bu məsələdə yerli ovçuların, turistlərin maraqlarını nəzərə alırıq”.
Direktor müavini Azərbaycanda 20-25 min ovçunun olduğunu qeyd edib.