Prezident İlham Əliyev Cəzaların İcrası Məcəlləsini Cinayət Məcəlləsində dəyişikliklərə uyğunlaşdıran qanunu imzalayıb.
Novator.az bildirir ki, Cinayət Məcəlləsinin 48-ci maddəsinə ötən il dekabrın 1-dən qüvvəyə minən dəyişiklik ağır və ya xüsusilə ağır cinayətə görə məhkum olunmuş şəxslərin rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsi prosesini sadələşdirib. Əvvəlki qanunvericiliyə əsasən, məhkəmə ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxsi məhkum edəndə onun xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum edilməsini də zəruri sayardısa, həmin rütbəni, fəxri adı və dövlət təltifini vermiş orqana təqdimat göndərməli idi. Hazırda isə məhkəmə yalnız ali xüsusi və ya ali hərbi rütbədən, yaxud fəxri addan və ya dövlət təltifindən məhrum edilmə üçün təqdimat verir. Digər xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməni isə məhkəmə birbaşa özü həyata keçirir.
Cəzaların İcrası Məcəlləsində xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə növündə cəzanın icrası qaydası dəyişir. Hökmlə məhkumun xüsusi və ya hərbi rütbədən, fəxri addan, yaxud dövlət təltifindən məhrum edilməsi haqqında məsələ nəzərdə tutulduğu halda bu barədə təqdimat və məhkəmə hökmünün surəti müvafiq icra hakimiyyəti orqanına, digər dövlət orqanında verilmiş xüsusi və ya hərbi rütbədən, yaxud təltifdən məhrum edilməsi hallarında isə bu barədə məhkəmə hökmünün surəti icra olunması üçün həmin orqana göndərilir.