Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində asılmış dövlət bayrağı mayın 24-ü Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən baş nazir dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.
Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını – əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.
Bildirilib ki, bolşevik işğalı nəticəsində ölkəni tərk etmək məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti nümayəndələrinin əksəriyyəti Türkiyəyə mühacirət edib. İctimai xadim Mirzə Bala Məmmədzadə də onlardan biri idi. O, 1920-ci ilin aprelində Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını da özü ilə qardaş ölkəyə aparıb. Mühacir həyatı sürən Mirzə Bala Məmmədzadə yaşadığı ölkələrdə – İranda, Türkiyədə, Polşada və Almaniyada bu bayrağı göz bəbəyi kimi qoruyub saxlayıb.
Onun varisi bu bayrağın İstanbulda təhsil alan və Cümhuriyyətlə bağlı tədqiqat aparan Əfqan Vəliyevə verilməsini və Azərbaycana qaytarılmasını vəsiyyət edib. Dövlət xətti ilə İstanbul Universitetində təhsil alan tədqiqatçı Əfqan Vəliyev həmçinin Xalq Cümhuriyyəti hökumətinin mühacir nümayəndələrinin qohumları ilə əlaqələr yaradaraq o dövrə aid çoxlu arxiv materialları da əldə edib.
Mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. 1918-ci il may ayının 28-də Azərbaycanın istiqlal bəyannaməsi qəbul edilib. Müstəqil respublika 1920-ci ilin aprel ayındakı bolşevik işğalınadək yaşayıb.