Azərbaycanda dövriyyəyə yeni 200 manatlıq əsginazlar buraxılır.
Novator.az xəbər verir ki, bu, mayın 23-də Mərkəzi Bankda keçirilən təqdimat mərasimində açıqlanıb.
Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar ölkə iqtisadiyyatının dinamik inkişafını, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsi məqsədilə qəbul edilib.
Yeni pul nişanının dizaynı hazırlanarkən müsabiqədə ABŞ-ın “Crane Currency” şirkətinin təqdim etdiyi dizayn qalib seçilib. Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mütərəqqi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.
200 manatlıq kağız pulun üzərində Heydər Əliyev Mərkəzinin təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik və mərhum prezident Heydər Əliyevin 95 illik yubileyləri münasibətilə hazırlanmış xatirə pul nişanları da təqdim olunub.
Cümhuriyyətin 100 illiyinə hər olunmuş xatirə pul nişanları çəkisi 1 troy (31.1 qr), ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir. Pul nişanının ön hissəsində azadlıq rəmzi olan günəş, Azərbaycan Respublikasının xəritəsi və onun üzərində dövlət himnindən bir parça, dövlət bayrağının qrafiki dizaynı təsvir edilib. Cümhuriyyətin yarandığı tarix, istiqlal mübarizəmizin qələbəsi kimi zəncirlənmiş qəfəsdən azadlığa çıxan göyərçinlər təsvir olunub. Pul nişanının arxa hissəsində dövlət gerbi, aypara ilə səkkizguşəli ulduz və şəbəkə sənətində geniş yayılmış ornamentlər əks olunub.
Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xatirə pul nişanları çəkisi 1 troy unsiyası olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir. Pul nişanının üzərində Azərbaycanın dövlət rəmzlərindən, eləcə də memarlıq, şəbəkə sənətində geniş yayılmış ornamentlərdən istifadə olunub. Pul nişanının ön hissəsində xüsusi relyefdə əks olunmuş dövlət bayrağının fonunda Heydər Əliyevin qızıl və platindən hazırlanmış portreti əks etdirilib. Arxa hissəsində isə dövlət gerbi təsvir olunub.
Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.