Türkiyədə iyunun 24-də keçiriləcək parlament seçkisinə 2 blok və 4 siyasi partiya qatılır.
Novator.az-ın məlumatına görə, Xalq ittifaqında Ədalət və İnkişaf Partiyası ilə Milliyyətçi Hərəkat Partiyası birləşib.
Millət ittifaqında Cümhuriyyət Xalq Partiyası, Yaxşı Partiya və Səadət Partiyası təmsil olunur.
Vətən Partiyası, Xalqların Demokratik Partiyası, Hür Dava Partiyası və Müstəqil Türkiyə Partiyası seçkiyə ayrı-ayrılıqda qoşulub.
Seçki prezident seçkisi ilə birgə keçiriləcək.
Prezident kürsüsü uğrunda 6 nəfər yarışır. Hakim Ədalət və İnkişaf Partiyasının sədri olan dövlət başçısı Rəcəb Teyyub Ərdoğana 24 iyun seçkisində bəzi müxalif qüvvələr, o cümlədən Milliyyətçi Hərəkat Partiyası da dəstək verir.
Əsas müxalif qurum olan Cümhuriyyət Xalq Partiyası prezident seçkisinə Böyük Millət Məclisinin deputatı Məhərrəm İncənin namizədliyi ilə gedir.
Prezidentliyə digər namizədlər Yaxşı Partiyanın lideri Maral Akşener, Səadət Partiyasının lideri Təməl Qaramollaoğlu, Vətən Partiyasının lideri Doğu Perinçek və Xalqların Demokratik Partiyasından Səlahəddin Dəmirtaşdır. Səlahəddin Dəmirtaş hazırda həbsdədir.
Ədalət və İnkişaf Partiyası 2002-ci ildən təkbaşına hakimiyyətdədir. Rəcəb Teyyub Ərdoğan 2003-cü ildən 2014-cü ilədək baş nazir olub, 2014-cü ildən prezidentdir.
İndi Türkiyə parlament respublikasıdır, hökuməti 550 nəfərlik parlamentdə azı 276 mandatı olan partiya qurur.
Yeni parlament 600 deputatdan ibarət olacaq. Prezident isə hökuməti parlamentin müdaxiləsi olmadan formalaşdıracaq.