Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi 2018-ci ilin yanvar-aprel ayları üzrə hesabat yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, dörd ayda muxtar respublikada 711,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2,7 faiz artaraq 1570 manata çatıb.
Ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox, 322,7 milyon manat dəyərində məhsul istehsal edilib
Yanvar-aprel aylarında muxtar respublikada əsas kapitala 286,6 milyon manat vəsait yönəldilib. Bir il öncəki göstərici ilə müqayisədə 2,5 faiz artım var.
Dörd ayda 38,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub. Bu sahə üzrə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz yüksəliş olduğu vurğulanır.
Hesabata əsasən, yanvar-aprel aylarında muxtar respublikanın bank və kredit təşkilatları hüquqi və fiziki şəxslərə 18,2 milyon manat məbləğində kreditlər verib. Kreditlərin həcmi 2,6 dəfə artıb.
Muxtar respublikada 376 növdə məhsul istehsal olunur. Bunun 126 növü ərzaq, 250 növü isə qeyri-ərzaq məhsullarıdır. 344 növdə məhsula olan tələbat tamamilə yerli imkanlar hesabına ödənir.
Yanvar-aprel aylarında 108,7 milyon ABŞ dolları dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri 98,1 milyon ABŞ dolları təşkil edib, 87,5 milyon ABŞ dolları dəyərində müsbət saldo yaranıb.
Yanvar-mart aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 421 manata çatıb, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.
1 aprel 2018-ci ilə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3630 nəfər artaraq 453 min 461 nəfər olub.