Ermənistan hökumətinin üzvləri and içiblər. Novator.az-ın məlumatına görə, baş nazir Nikol Paşinyanın iştirak etdiyi mərasim mayın 21-i axşam prezident iqamətgahında – dövlət başçısı Armen Sərkisyanın hüzurunda keçirilib.
Vətəndaş Sazişi Partiyasının sədri olan Nikol Paşinyan mayın 8-dən baş nazirdir. Yeni hökumətdə Ararat Mirzoyan baş nazirin birinci müavini, Tiqran Avinyan və Mger Qriqoryan baş nazirin müavinləridir.
Zöhrab Mnasakanyan xarici işlər naziri, David Tonoyan müdafiə naziri, Mxitar Ayrapetyan diaspor naziri, Artak Zeynalyan ədliyyə naziri, Qraçya Rostamyan fövqəladə hallar naziri, Atom Cancuqazyan maliyyə naziri, Arsvik Minasyan iqtisadi inkişaf və investisiyalar naziri, Artur Xaçatryan kənd təsərrüfatı naziri, Aşot Akobyan nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri, Artur Qriqoryan enerji infrastrukturu və təbii sərvətlər naziri, Mane Tandilyan əmək və sosial məsələlər naziri, Suren Papikyan ərazi idarəçiliyi və inkişafı naziri, Arsen Torosyan səhiyyə naziri, Lilit Makunts mədəniyyət naziri, Araik Arutyunyan elm və təhsil naziri, Levon Vaqradyan gənclər və idman naziri, Erik Qriqoryan təbiəti mühafizə naziri postlarını tuturlar.
Kabinetin nəzdindəki qurumlarda bu şəxslər yer alır: Artur Vanetsyan (Milli Təhlükəsizlik Xidmətinin direktoru), Valeri Osipyan (Ermənistan Polisinin rəisi), Narek Sərkisyan (Şəhərsalma Komitəsinin sədri), Sergey Avetisyan (Mülki Aviasiya Baş İdarəsinin rəisi), Martin Sərkisyan (Daşınmaz Əmlakın Kadastrı Komitəsinin sədri), Aşot Martirosyan (Nüvə Təhlükəsizliyi Komitəsinin sədri), David Ananyan (Dövlət Gəlirləri İdarəsinin rəisi).
Dövlət Əmlakı İdarəsinin rəisi vəzifəsi boşdur.
Üzvlərin azı üçdə ikisi təsdiqləndikdə hökumət formalaşmış sayılır. Fəaliyyətə başlayanda hökumət üzvləri prezidentin hüzurunda and içir.
Ermənistanda Nazirlər Kabineti icra hakimiyyətinin ali orqanıdır, daxili və xarici siyasəti formalaşdırır. Dövlət idarəçiliyinə ümumi rəhbərliyi baş nazir həyata keçirir. Qubernatorların təyinatı onun səlahiyyətindədir.
Nazirlər Kabineti üzvlərinin, xarici ölkələrdə və beynəlxalq təşkilatlarda diplomatik nümayəndələrin təyinatı baş nazirin təqdimatı ilə gerçəkləşir.
Silahlı Qüvvələr hökumətə tabedir, baş nazir Təhlükəsizlik Şurasına sədrlik edir, müharibə zamanı ali baş komandan olur. Baş Qərargah rəisi, qoşunların ali komandan heyəti vəzifəyə baş nazirin təqdimatı ilə təyin edilir.