Xalq hərəkatının fəallarından olan AXCP üzvü Mirfeyzulla Seyidov Bakı İstintaq Təcridxanasının kamerasından tibb hissəsinə köçürülüb. Bunu “Turan”a vəkil Cavad Cavadov deyib.
Mirfeyzulla Seyidov mayın 9-da tutulub. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. AXCP üzvü Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur.
Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən əməllər 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Mayın 16-da vəkil Cavad Cavadov həm mətbuat vasitəsilə, həm də yazılı şəkildə baş prokuror Zakir Qaralova müraciət edərək Mirfeyzulla Seyidovun səhhəti ilə əlaqədar həbs qətimkan tədbirinin ləğv edilməsi üçün təqdimat verilməsi məsələsinə baxılmasını istəyib.
Vəkil qeyd edib ki, Mirfeyzulla Seyidovun sağlamlıq durumu çox ağırdır. Belə ki, o, xroniki böyrək xəstəsi – 1-ci qrup əlildir, həftədə üç dəfə əvəzedici böyrək müaciləsi (hemodializ) alır. Bundan başqa şəkərli diabet, diabetik nefropatiya, hipertoniya, anemiya xəsətiklərindən əziyyət çəkir. Bir il əvvəl ürək əməliyyatından keçib, ürəyinə iki ədəd stend qoyulub.
Mayın 21-də “Turan”a açıqlamasında vəkil vurğulayıb ki, Mirfeyzulla Seyidovun vəziyyəti ağır olaraq qalır: “Müdafiə tərəfi tibb hissəsinə köçürülməni yetərli saymır. Biz Mirfeyzulla Seyidovun azad olunmasına təkid edirik. Onu həftədə üç dəfə dializ proseduruna aparırlar, hər prosedur 4 saat davam edir. Sonra özünə gəlmək üçün daha 4 saat xəstəxanada qalmalı olur”.
Vəkil baş prokurora müraciətinə hələ cavab verilmədiyini söyləyib.