Mayın 18-də bir qrup fəal Ermənistanın paytaxtı Yerevanda Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayana dəstək aksiyası keçirir. Baş Prokurorluğun qarşısına toplaşan aksiyaçılar Samvel Babayanı siyasi məhbus sayır və dərhal azadlığa buraxılmasını tələb edirlər.
Novator.az bildirir ki, 1965-ci ildə Xankəndidə doğulmuş Samvel Babayan 1993-1999-cu illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrə komandanlıq edib. Azərbaycan torpaqlarında törədilmiş qanlı cinayətlərin əsas iştirakçılarından biridir.
2000-ci ildə o, separatçıların lideri Arkadi Qukasyana sui-qəsd təşkilində günahlandırılaraq 14 illik həbs cəzası alıb, 4 il 6 aydan sonra əfv edilib.
Yerevanda yaşayan Samvel Babayan ötən il martın 22-də tutulub. Cinayət yolu ilə əldə olunmuş gəliri leqallaşdırmaqda, hərbi sursatın qanunsuz əldə olunması, saxlanması və daşınmasına təhrikdə təqsirli bilinən Samvel Babayan 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökm ötən il noyabrın 28-də Yerevanın Kentron və Nork-Maraş rayonlarına aid məhkəmədə çıxarılıb.