Mayın 18-i Bakıda hakim Yeni Azərbaycan Partiyasının təzə qərargahının açılışı olub. AZƏRTAC xəbər verir ki, partiya sədri, prezident İlham Əliyev açılışda iştirak edib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov prezidentə binada yaradılan şərait barədə məlumat verib.
Bina 50 otaq, müşavirə, konfrans və akt zallarından ibarətdir. Hər mərtəbədə iş otaqları ilə yanaşı kiçik müşavirə zalları da var. Konfrans zalı 100 yerlikdir. 268 yerlik böyük akt zalında respublika əhəmiyyətli və partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Yeni qərargah “Xətai” metro stansiyasının yaxınlığında yerləşir. Hazırda partiya Bülbül prospekti, 13-dəki qərargahda fəaliyyət göstərir.
Novator.az bildirir ki, 1992-ci ildə Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasına İlham Əliyev 2005-ci ildən sədrlik edir. Partiyanın 712 min nəfərdən çox üzvü var. Təşkilat parlamentdə 68 deputatla təmsil olunur.
Yeni Azərbaycan Partiyasının qurucusu və ilk sədri Heydər Əliyev 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1969-1982-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi kimi respublika rəhbəri olub. 1982-1987-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutub.
1990-cı ildə Heydər Əliyev Azərbaycan parlamentinin və Naxçıvan Ali Sovetinin deputatı seçilib, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, 1992-ci ildən Yeni Azərbaycan Partiyasının sədri olub.
Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də Milli Məclisin qərarı ilə prezident səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü və 1998-ci illərdə Azərbaycan prezidenti seçilib. 2003-cü il dekabrın 12-də vəfat edib.